Ötən gün Səbail rayonu Bibiheybət qəsəbəsi Namiq Quliyev 44 ünvanında yaşıyan Ayaz Sayılov saytımıza müraciət edərək yaşadıqları ərazidə böyük ölçülü kanalizasiya probleminin olduğunu bildirib.

İndex.az-a danışan vətəndaş bildirib ki, onlarla ailə artıq 10 ildir ki, bu problem ilə üz-üzədir.

“Biz dəfələrlə pul toplayaraq kanalizasiya sistemini özümüz çəkmişik. Lakin kustar üsullarla quraşdırılan borular ya qırılıb, ya da deşilib. Məsələnin ən təhlükəli tərəfi bu ərazinin sürüşmə zonası olmasıdır. Borulardan axan kanalizasiya suları isə ərazidə sürüşümə üçün zəmin yaradır”.

Ayaz Sayılov qeyd etdi ki, məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət edib:

“Mən bir dəfə icra başçısının qəbulunda oldum. Yaşadığımız bu problem haqqında onlara məlumat verdim. İcra başçısı mənim yanımda “Azərsu”nun əməkdaşına tapşırdı ki, məsələ ilə məşğul olsunlar. Lakin nə gələn oldu, nə də gedən”.

İndex.az məsələ ilə bağlı “Azərsu” və Səbail RİH-nə müraciət ünvanlayıb.

Səbail RİH-dən bir cavab ala bilməsək də, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sorğumuzu cavablandırdı:

“Mərkəzləşdirilmiş təchizat sistemi mövcud olan yaşayış məntəqələrində vətəndaşlar tullantı su şəbəkəsinə qoşulmaq üçün texniki şərt almalıdırlar. Lakin qeyd olunan ünvandakı yaşayış evləri qeyri-qanuni tikililərdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır. Məlumat üçün bildirək ki, ərazidəki kanalizasiya xətləri vətəndaşlar tərəfindən qanunsuz şəkildə çəkilib və dənizə axıdılır”.