"Müəyyən legioner sayından sonra böyük rüsum ödəyib, əlavə oyunçuları cəlb eləmək qərarı verilsə, ədalət pozulacaq. Çox istəyərdim ki, kriteyalar hamı üçün eyni olsun. Çünki çempionatda büdcəsi aşağı və ya yuxarı olan komandalar var. Belədə, qüvvələrin nisbəti ciddi şəkildə dəyişəcək".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov son günlərdə müzakirə olunan legioner limitinin ləğv olunması qərarına münasibət bildirərkən deyib.
O, qərar verən şəxslərdən bütün komandalar üçün vahid qaydanın tətbiq olunmasının istədiyini dilə gətirib: "Bəzi klublar gətirə bilər. Digərlərində isə maddi baxımdan imkan məhduddu. Daxildə nələr baş verir bilmirik. Amma xahiş edirəm ki, legionerlərə görə ödənəcək məbləğin dəyişməz olsun. 15, 14, 13 olsun, amma bir rəqəm olsun. Müəyyən saydan sonra əcnəbi futbooçu cəlb edildiyinə görə qaldırılacaq rüsum komandalar arasında uçurum yaradacaq".
Yerli futbolçunun meydanda keçirdiyi hər dəqiqəyə görə 300 manat pul verilməsi məsələsinə "Böyük kapitan"ın reaksiyası isə belə olub: "Bu söhbəti eşitməmişəm. Gərək qarşılıqlı şəkildə oturub danışasan. Məsələni tam aydın biləndən sonra deyə bilərsən ki, legionerə görə 100 min ödənilsin, ya yox. Bu işdə də klubların maddi maraqları olacaq. Yəqin nələrsə düşünülür, təhlil olunur. Biz onlar qədər təhlil etmirik. O baxımdan həmişə deyirəm ki, nəsə müzakirə olunursa, təhlil etmək lazımdır ki, özümüzə yaraşan şəkildə cavab verə bilək".
Qeyd edək ki, yeni mövsümdən legioner limitinin ləğv olunacağı gözlənilir.
İdman.biz