Fransa prezidenti Emmanuel Makron cümə günü, yanvarın 17-də Livana səfər edib.
Oxu24.com Haaretz-ə istinadən xəbər verir ki, Makronun bu həftə təyin olunan yeni prezident Cozef Aun və baş nazir Navaf Salam ilə görüşü planlaşdırılır.
Makronu baş nazir vəzifəsini icra edən Nəcib Mikati qarşılayıb. Bu gün daha sonra Makronun İsraillə sərhədə yaxın Livanın cənubuna gedəcəyi və orada UNIFIL qüvvələrinin tərkibində bu ərazidə yerləşən fransız əsgərləri ilə görüşəcəyi gözlənilir.
Makronun atəşkəs razılaşmasını izləyən komandaya daxil olan Fransa və ABŞ hərbi rəsmiləri ilə də görüşəcəyi gözlənilir.
Makronun Livana son səfəri 200-dən çox insanın ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən Beyrut limanında baş verən partlayışdan sonra 2020-ci ilin avqustunda olub.
Oktyabr ayında Fransa Livanın iqtisadi böhrandan çıxmasına və İsraillə müharibənin vurduğu zərərin bərpasına kömək etmək məqsədi daşıyan beynəlxalq konfransa ev sahibliyi etdi. Konfransda ölkəyə humanitar və hərbi yardım üçün 1 milyard dollar toplanıb.
Nigar