Son illər Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə yönələn tədbirlərin sayı artsa da, qəzaların sayı azalmır. Cərimələrin artırılması, sürət həddi ilə bağlı məhdudiyyətlər də, bu məsələdə ciddi dönüş yaranmasına səbəb olmur.
Maraqlıdır, yol qəzalarının sayının artmasının səbəbi nədir? Görülən tədbirlər niyə nəticə vermir?
Mövzu ilə bağlı Bakupost.az -a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu problemin kompleks yanaşma tələb etdiyini vurğulayıb:
Onun sözlərinə görə, təkcə Azərbaycanda yox, bütün dünyada yol-nəqliyyat hadisələri baş verir:
"Amma bir çox ölkələr yol-nəqliyyat hadisələri ilə mübarizənin müasir üsullarını tapıb tətbiq edirlər. Bu üsullar insanların davranışını dəyişməyə yönəlib. Mən istəyirəm ki, elə bu prizmadan yanaşaq. Bu gün Azərbaycanda bizi narahat edən vəziyyət mövcuddur ki. Nə qədər tədbirlər görülsə də, yenə də qəzalar baş verir, azalma yoxdur. Əslində, yol-nəqliyyat hadisələri ilə bağlı faciəvi statistika II Dünya müharibəsindən sonra genişlənməyə başlayıb. Bu günkü göstəricilərə görə, bir il ərzində dünyada təxminən 1 milyon 350 min, hətta bəzi mütəxəssislərin fikrincə, 1,5 milyon insan yol-nəqliyyat hadisələrində dünyasını dəyişir. Rəsmi olaraq, bu rəqəm Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində 1 milyon 350 min olaraq qeyd edilib. Dünyasını dəyişənlərin əksəriyyəti isə 5-29 yaş arasında olan insanlardır".
Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə insanların yol hərəkəti qaydalarına riayət etməsi üçün maarifləndirici proqramlar həyata keçirilir. İsveç isə bu sahədə ən nümunəvi ölkələrdən biridir:
“Bəşər tarixində ilk dəfə 1990-cı illərin əvvəllərində İsveçdə dövlət səviyyəsində yol hərəkəti təhlükəsizliyi ilə bağlı proqramı qəbul olundu. Hədəf yalnız işıqforları düzəltmək və ya sürəti azaltmaq deyildi. Hədəf insanların bu mövzuda dünyagörüşünü və yanaşmasını dəyişmək idi. Bu dəyişiklik isə dövlət qurumlarından başlayaraq, həyata keçirildi. Dövlət qurumları dedikdə, ilk növbədə təhsildən başladılar. Sürücü hazırlığı, sürücülərin sağlamlığına nəzarət məsələləri və bundan sonra nəqliyyat və yol hadisələrinə aid digər tədbirlər planlaşdırıldı. İsveçdə, əlbəttə ki, yol-nəqliyyat hadisələrini tamamilə sıfıra endirə bilmədilər. Amma maraqlıdır ki, İsveçin əhalisi təxminən Azərbaycanın əhalisi qədərdir, ərazisi isə Azərbaycanın ərazisindən təxminən 5 dəfə böyükdür. Avtomobillərin sayı Azərbaycandakı avtomobillərdən təxminən 4,5 dəfə çoxdur. Üstəlik, ölkənin ərazisinin xeyli hissəsi şimalda yerləşir və bir çox yolları oktyabr ayından aprel ayına qədər qarla və buzla örtülü olur. Buna baxmayaraq, İsveçdə rəsmi statistikaya əsasən, bir il ərzində yol-nəqliyyat hadisələrində dünyasını dəyişənlərin sayı cəmi 100-200 nəfər təşkil edir ki, bu da Azərbaycandakından 4-5 dəfə azdır. Onlar sadəcə, kosmetik tədbirlərlə kifayətlənmədilər, yuxarıda sadalanan bütün tədbirləri səmimi şəkildə icra etdilər. Konkret olaraq, insanların düşüncə tərzini, təhsili, səhiyyəni və avtomobil parkının texniki vəziyyəti də daxil olmaqla bir çox sahədə vəziyyəti dəyişdilər”.
Ə.Hüseynov deyir ki, statistikaya görə, Azərbaycanda ölüm və ya insan sağlamlığına ciddi zərər vurmaqla nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən 85 faizi yaşayış məntəqələrində baş verir:
“Yaşayış məntəqələrində yol-nəqliyyat hadisələri adətən, o zaman baş verir ki, ictimai nəqliyyat zəif işləyir və fərdi avtomobillərdən kütləvi şəkildə istifadə olunur. Ona görə də yol-nəqliyyat hadisələrinin qarşısını almağın ən əsas yolu insanların fərdi avtomobillərdən az istifadə etməsinə nail olmaqdır. Bu zaman qəza riski minimuma enir. Elementar bir fakt var: bəzi insanlar avtobuslardan istifadə etmək istəmir. Çünki sürücülər kobud davranır və digər problemlər mövcuddur. Amma buna baxmayaraq, Bakıda avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində ölüm sayı cəmi 5-6 nəfərdir. Halbuki il ərzində Bakıda yol-nəqliyyat hadisələrində 200-dən çox insan dünyasını dəyişir. Ona görə də bütün növ ictimai nəqliyyatın inkişaf etdirilməsi əsas prioritet olmalıdır. Yerin altında metro, yerin üstündə tramvay, şəhərətrafı qatarlar, şəhərlərarası qatarlar, hər çeşiddə avtobuslar - bu istiqamətlərdə ciddi işlər görülməlidir.”
Ekspertin sözlərinə görə, 2018-ci ilin dekabr ayında 2019-2023-cü illəri əhatə edən yol hərəkəti təhlükəsizliyi üzrə 5 illik dövlət proqramı qəbul edilsə də, həmin proqram demək olar ki, icra olunmadı və kağız üzərində qaldı:
“Halbuki həmin proqramda hər şey nəzərdə tutulmuşdu: avtomobillərin texniki vəziyyətinin yaxşılaşdırılması, yolların təhlili və s. Orada bir müddəa vardı, Avropa ölkələrində də tətbiq edilmişdi. Yol-nəqliyyat hadisələrinin təkrar-təkrar baş verdiyi ərazilərinə ekspertlər tərəfindən araşdırması. Onlar araşdırıb müəyyən etməlidirlər ki, niyə başqa yerlərdə deyil, məhz orada qəzalar baş verir. Bundan əlavə, proqramda belə bir tezis də yer almışdı: yolun texniki təchizatı elə qurulmalıdır ki, hətta insan səhvini kompensasiya edə bilsin"ş
Ekspertin fikrincə, Azərbaycanda qəzaların əsas səbəblərindən biri yaşayış məntəqələrinin zəif işıqlandırılmasıdır:
“Qəzaların təxminən 60-70 faizi gecə vaxtı baş verir. Sürücü piyadanı, piyada isə sürücünü vaxtında görə bilmir. Bu problem küçələrin kifayət qədər işıqlandırılmaması ilə bağlıdır. İşıqlandırma məsələsi nəinki şəhərlərdə, hətta kəndlərdə də təmin edilməlidir. Küçələrin işıqlandırılması həm təhlükəsizlik, həm də ictimai asayiş baxımından vacibdir. Bu istiqamətdə konkret işlər görülməlidir".
Ekspert qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinə nail olmaq üçün ilk növbədə insanların düşüncə tərzini dəyişmək lazımdır:
“Təhlükəsiz davranış yalnız cərimə qorxusu ilə deyil, şüurlu bir seçim kimi qəbul edilməlidir. Dövlət proqramları kağız üzərində qalmamalıdır. Bu istiqamətdə həm maarifləndirici, həm də texniki tədbirlər geniş şəkildə həyata keçirilməlidir".
Lalə, BakuPost