Məhəmməd Rüstəmovun 72 yaşı var. O, Bərdədə doğulub, orta məktəbi orada bitirib. 1969-cu ildən Bakıda yaşayır. İki oğul atası olan Məhəmməd kişi 35 ildir ki, Sabunçu bazarında həftə sonları satıcılıq edir.
Deyir ki, əvvəllər dövlət qurumlarından birində çalışıb. Təqaüdə çıxandan sonra isə baş qatmaq üçün bu bazara üz tutub. Onun piştaxtasında nəyə desən rast gələ bilərsən: telefon, çaynik, kəllə qənd, boks əlcəyindən tutmuş, gəlin xonçasına qədər hər şey var. Ən əsas məsələ isə odur ki, həmsöhbətimiz Rusiyadan musiqi alətləri gətizdirib burada sənətçilərə satır. Özü də elə belə yox, kifayət qədər baha qiymətə:
“Rusiyanın müxtəlif şəhərlərindən musiqi alətləri sifariş edirik. Məsələn, bir qarmonu 2 minə gətizdirirəm. Amma ucuzları da olur. Hətta Kazan şəhərindən 150-120 manata da gətirib satırıq. Nağara sifariş edənlər də olur. İstər paytaxtdan, istərsə də rayonlardan müştərilərim var. Onlar arasında tanınmışlar da var. Əhliman Göyçaylı Zeynəb Xanlarovanın ansambılında çalışıb. Həm də qonşumdur. Mən ondan qarmon çalmağı öyrənmişəm. O da məndən musiqi aləti alır”.
Məhəmməd kişi deyir ki, yaxşı səsi var. Qaçaq Nəbiyə həsr olunmuş mahnılardan tutmuş, “Qarabağ şikəstəsi”, “Şuşanın dağları” kimi mahnıları oxuyur. Ad günlərində həm oxuyur, həm də qarmon çalır.
Həmsöhbətimizin satdığı geyimlər onun qohumlarına məxsusdur. Deyir ki, dost-tanış geyinmədiyi paltarları ona verir, o da bu bazarda satışa çıxarır. Nəvəsinin boks əlcəyini belə satışa çıxarıb:
“Kimin gücü nəyə çatır, onu alır. Ayaqqabıları 3-8 manata satırıq. Təzə ayaqqabılar isə 10 manatadır. Hər həftə sonu buraya gəlirəm, 20-30 manat qazanc əldə edirəm. Müştəridən asılıdır. Bu bazarda işləmək asandır. Həm də başımı qatıram. Oğlanlarım evlənib, nəvələrim var. Darıxmayım deyə həftə sonları bazara üz tutram. Arada da Bərdəyə gedirəm, qohumları görürəm”.
Məhəmməd kişi bu bazarda həm də bığlarına görə tanınır. Deyir ki, şəvə kimi bığ saxlamaq ona babasından qalan vərdişdir.
“Öz bığımdır. İstəyirsiniz, toxunun (gülür). Bığın kimə ziyanı var ki, 1990-cı ildən saxlayıram, xoşum gəlir də. Məni tanıdan şey bu bığlardır. Gərək satıcı təmiz geyinsin, cəlbedici olsun. Burada əsas alıcılıq bazar günü olur”.
Şahanə Rəhimli
Musavat.com