Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova qarşı xuliqanlıq etməkdə ittiham olunan idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdikləri apellyasiya şikayətlərinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onların şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, Xətai Rayon Məhkləməsinin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.
Qeyd edək ki, insidentə görə Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılmışdı. Onlar barəsində hansı qərar veriləcəyi hələlik bilinmir.
Bu iş üzrə zərərçəkmiş mayor Fuad Zeynalov ötən gün saytımıza açıqlama verib. O, insidentin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğunu deyib.