AZ

Təhsil eksperti: "“Kağız əsaslı imtahanlarda qiymətləndirmə səhv və subyektivlik riski daha yüksəkdir"

“Dövlət İmtahan Mərkəzinin yaxın gələcəkdə imtahanları rəqəmsal formada keçirmək planı müasir təhsil və qiymətləndirmə tələblərinə uyğun, strateji bir addımdır. Lakin bu addımın uğurlu olması üçün geniş əhatəli hazırlıq işləri və kompleks yanaşma tələb olunur. Rəqəmsal imtahanların effektivliyi, xüsusən də buraxılış və qəbul imtahanları kimi kütləvi tədbirlərdə tətbiqi, həm texniki infrastrukturun gücündən, həm də iştirakçıların bacarıq və imkanlarından asılıdır. Azərbaycanda qəbul və buraxılış imtahanları minlərlə şagird və abituriyenti əhatə edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Təhsil eksperti qeyd edib ki, bu, təkcə qiymətləndirmə üçün deyil, həm də cəmiyyətin təhsilə və karyera quruluşuna baxışını dəyişmək üçün böyük əhəmiyyət daşıyır.

“Rəqəmsal imtahanlara keçidin əhatə dairəsinin bu qədər geniş olması, prosesi planlaşdırma və icra baxımından çətinləşdirir. Məsələn, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin məlumatına görə, yalnız 2023-cü ildə buraxılış imtahanlarında 100 mindən çox şagird iştirak edib. Bu miqyasda bir imtahanın rəqəmsal formada keçirilməsi üçün güclü infrastruktur, etibarlı proqram təminatı və yüksək səviyyədə təşkilatçılıq tələb olunur. Dünya təcrübəsinə nəzər salaq. ABŞ-da tətbiq edilən SAT və GRE kimi beynəlxalq imtahanlar illərdir rəqəmsal formatda keçirilir. Bu sistem nəticələrin sürətli açıqlanmasını və obyektiv qiymətləndirməni təmin edir. Lakin bu sistemlər təkcə müasir texnoloji infrastruktur deyil, həm də iştirakçıların texnologiyaya adaptasiyasını tələb edir. ABŞ-da şagirdlər məktəbdən başlayaraq rəqəmsal test formatlarına alışdırılır və onlara bu sahədə xüsusi təlimlər keçirilir. Əlavə olaraq, imtahan mərkəzləri güclü internet bağlantısı, müasir kompüterlər və texniki dəstək komandası ilə təmin edilir. Bu, hər hansı texniki nasazlığın və ya kibertəhlükəsizliyə bağlı problemlərin qarşısını almaq üçün zəruridir”.

“Azərbaycanda bu sahədə müəyyən addımlar atılsa da, infrastruktur və texniki hazırlıq səviyyəsi hələ də tam yetərli deyil. Ölkənin regionlarında, xüsusən də kənd yerlərində internetə çıxışın məhdudluğu rəqəmsal imtahanların bərabər imkanlarla keçirilməsinə mane ola bilər. Dövlət Statistika Komitəsinin 2022-ci il hesabatına görə, Azərbaycanın kənd ərazilərində evlərin yalnız 72%-i sabit internetə çıxışa malikdir. Bu, şagirdlər arasında bərabərsizlik yarada bilər, çünki şəhər yerlərində yaşayan şagirdlər rəqəmsal imtahanlara daha yaxşı hazırlaşmaq imkanı əldə edir. Eyni zamanda, rəqəmsal imtahanların tətbiqi ilə bağlı texnoloji bacarıqların inkişafı da diqqət mərkəzində olmalıdır. Şagirdlər rəqəmsal imtahan formatına alışmamış olduqları halda, bu, onların nəticələrinə mənfi təsir göstərə bilər. Məsələn, Hindistanda rəqəmsal imtahanlara keçid zamanı texnoloji bacarıqların azlığı böyük maneə kimi ortaya çıxmışdı. Bu problem yalnız xüsusi təlim proqramları ilə həll olundu. Azərbaycan üçün də belə proqramların tətbiqi zəruridir. Məktəblərdə rəqəmsal savadlılıq dərsləri keçirilməli və şagirdlərə bu formatda qiymətləndirməyə hazırlaşmaq üçün sınaq imtahanları təşkil edilməlidir”.

Təhsil ekspertinin sözlərinə görə, rəqəmsal imtahanların digər vacib tərəfi qiymətləndirmə prosesinin obyektivliyidir.

Seçilən
6
aznews.az

1Mənbələr