Son günlər Nərimanov rayonundakı söküntü işləri başlanan Şəhriyar parkının ətrafındakı suallar vətəndaşları narahat edən əsas məsələyə çevrilib.
Avtosfer.az xəbər verir ki, artıq 2 ilə yaxındır Şəhriyar parkının ərazisində təmir və tikinti işlərinin aparılması ilə əlaqədar yaranan müəmmalı vəziyyət sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, parkın ərazisində İtaliya-Azərbaycan Universitetinə aid bina tikilməsi ilə bağlı iddialar irəli sürülüb. Məhz bu səbəbdən, universitetin ətrafındakı park ərazisinin təmir işləri yekunlaşdıqdan sonra da əhaliyə açıq olub-olmaması sual doğurub.
Məsələ ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, həmin parkın ərazisindəki layihə ADA Universiteti tərəfindən icra edilir və bu mövzuda açıqlama vermək səlahiyyəti Unviersitetdədir.
Rayon İcra Hakimiyyətinin açıqlaması üzərinə ADA Universitetinə müraciət etdik. Universitetdən sorğumuza cavab olaraq bildirildi ki, İtaliya-Azərbaycan Universitetinin tikilməkdə olan tədris binası Əhmədbəy Ağaoğlu küçəsində, ADA Universiteti kampusunun ərazisində yerləşəcək.
Bu ilin sonunda təhvil verilməsi gözlənilən binanın ətrafında yerləşən parkdakı yenidənqurma işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
Bakı Şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, ADA Universiteti tərəfindən həyata keçirilən layihə tamamilə yekunlaşdıqdan sonra ilkin planda parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Gələcəkdə hansısa tender əsasında dəyişiklik nəzərdə tutulduğu halda ictimaiyyətə məlumat veriləcək.
Səfər