Dövlət İmtahan Mərkəzi tərəfindən 16 fevral 2025-ci il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat //epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
BB vəzifə altqrupu üzrə test imtahanı
BB vəzifə altqrupu üzrə test imtahanı 16 fevral saat 11:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat 17 yanvar 2025-ci il saat 14:00-dan 31 yanvar saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 760 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə 16 fevral saat 16:00-da kompüter vasitəsilə keçiriləcək.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 17 yanvar saat 14:00-dan 31 yanvar saat 14:00-dək həyata keçiriləcək.