AZ

"Toplum TV işi": yeni həbs və ittihamlar

Jurnalist Fərid İsmayılov həbs olunub. 

Onun barəsində istintaq dövrü üçün 2 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.

Bu barədə yanvarın 17-də Xətai Rayon Məhkəməsində qərar çıxarılıb.

Məhkəmədə jurnalistin haqqında həbs qətimkan tədbiri seçilməsi üçün prokurorun verdiyi təqdimata baxılıb və təmin olunub.

Fərid İsmayılov 2024-cü ilin martından bu yana "Toplum TV” ilə bağlı cinayət işi üzrə təqsirləndirilsə də, onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

O, martın 6-da polisin "Toplum TV”-nin ofisinə basqını zamanı saxlanılan çoxsaylı jurnalistlər arasında olsa da, iki gün sonra azadlığa buraxılmışdı.

Həmin dövrdə Fərid İsmayılov ardıcıl iki ağır cərrahiyyə əməliyyatı keçirmişdi, bədənində hələ də sökülməyən tikişlər vardı.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Fərid İsmayılov yanvarın 17-də yaşadığı evdə saxlanılıb.

Onunla birlikdə kirayədə yaşayan başqa bir ictimai fəalın da saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı, indiyədək sərbəst buraxılmadığı bildirilir.

10 aydan çoxdur ki, istintaq altında olan Fərid İsmayılovun barəsində qətimkan tədbirinin dəyişdirilməsi, onun həbs olunmasına vəkili Zibeydə Sadıqova etiraz edib.

Vəkil bildirir ki, müvəkkili barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yox idi.

Müdafiəçi hesab edir ki, Fərid İsmayılov jurnalist fəaliyyətini davam etdirdiyinə görə cəzalandırılır.

Zibeydə Sadıqova Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

"Toplum TV işi” üzrə ittiham ağırlaşdırılıb

"Toplum TV işi” üzrə istintaq yekunlaşmaq üzrədir.

Yanvarın 17-də bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2023-cü il martın 6-da "Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov)  istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar "Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyət üzvü Ruslan İzzətli, "Toplum TV”nin video redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahovdur.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

2023-cü ilin noyabrından bu yana ölkədə 30-dan artıq jurnalist və bloger həbs olunub.

Onların əksəriyyətinə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Həbs olunanların əksəriyyəti "Meydan TV”, "AbzasMedia”, "Toplum TV” əməkdaşlarıdır.

Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.
Seçilən
16
arqument.az

1Mənbələr