Yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “dağlıq qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.
“AzPolitika” “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu proses, ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu təsbit olunmasına xidmət edəcək.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin edilib.
Əvvəlcə tərcüməçilər elan olunub, onlara qanunvericiliyin tələbləri, o cümlədən hüquq və vəzifələri izah edilməklə, təqsirləndirilən şəxslərin tərcüməçilərə, habelə proses iştirakçılarının məhkəmə tərkibinə, bir-birinə etirazlarının olub-olmaması dəqiqləşdirilib.
Sonra iş üzrə təqsirləndirilən şəxslərin müdafiəçiləri elan olunub. Məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Bildirilib ki, cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub.
Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib.
Sonra məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra A.Harutyunyan məhkəməyə müraciət edərək çıxış etmək istədiyini deyib. Hakim ona söz verib.