AZ

Azərbaycan ailələrində yeni nəsil: Dəyərlər dəyişir, yoxsa davam edir?

Əsrlər boyu ailə dəyərləri Azərbaycan cəmiyyətinin təməl sütunu olub. Bu dəyərlər nəsillər arasında körpü rolunu oynayaraq, həm milli-mənəvi irsin qorunmasına, həm də fərdi xarakterlərin formalaşmasına xidmət edib. Lakin dövrlər dəyişdikcə, ailə anlayışına və strukturuna təsir göstərən yeni amillər ortaya çıxır. Şəhərləşmə, qloballaşma, iqtisadi dəyişikliklər və texnoloji inkişaf ailə institutunu təsirləndirərək ənənəvi modelləri sarsıdır. Bu vəziyyət, xüsusilə yeni nəsillər üçün ənənəvi ailə dəyərlərinin qorunub saxlanılması və ya dəyişdirilməsi məsələsini gündəmə gətirir.

Sosioloq Yusif Nəbiyev  "Olaylar" qəzetinə açıqlamasında bu mövzu ilə bağlı maraqlı fikirlərini bölüşüb:

"Müasir sosial və iqtisadi şəraitin təsiri ilə hazırda Azərbaycan ailələrində köklü struktur dəyişikliyi müşahidə olunmaqdadır. Azərbaycanın ənənəvi ailə modeli, əsasən geniş ailələrdən ibarət olub, müxtəlif nəsillərin (baba-ata-oğul) birgə yaşadığı, patriarxal qaydalara əsaslanan bir sistemə söykənirdi. Lakin hazırda urbanizasiya, qloballaşma və təhsil səviyyəsinin yüksəlməsi ilə  ailə quruluşlarında kiçilmə və nüvə ailələrinə keçid müşahidə olunur. Və bu dəyişikliklər sadəcə ölçüdə özünü göstərmir, həmçinin, ailə üzvləri arasında münasibətlərin dinamikasını da dəyişdirir. Patriarxal münasibətlərdən eqalitarian (bərabərlikçi) münasibətlərə doğru bir tədrici təkamül baş verir.

Nəticədə isə ailə dəyərlərinin ötürülməsi məsələsi də əhəmiyyətli ölçüdə şəkil dəyişdirir. Ənənəvi olaraq, dəyərlər və mədəniyyətin bir nəsildən digərinə keçməsi, əsasən ailə daxilində və cəmiyyətin qapalı mühitində baş verirdi. Bu ailədaxili qayda-qanunların daha üstüörtülü formada ötürülməsini təmin edirdi. Lakin müasir dövrün sosial şəbəkə və internet kimi yeni texnoloji vasitələri gənc nəsilin informasiyaya daha sürətli və geniş şəkildə çata bilməsinə səbəb olub. Bu, gənclərin daha geniş bir dünya görüşü qazanmasına, bəzən isə ənənəvi dəyərlərdən uzaqlaşmalarına yol açıb. Nəticədə, bu iki ziddiyyətli təsir - ənənəvi dəyərlərin qorunması və müasir qlobal trendlərin intruzivliyi eyni anda varlıq göstərir və bircins olmayan, qarışıq bir effekt yaradır.

Lakin hələ ki, hər şeyə rəğmən ənənəvi Azərbaycan ailə dəyərləri öz mövcudluğunu qoruyur. Ailə, cəmiyyətin ən əsas quruluşu olaraq, hələ də çox önəmlidir və valideynlər hələ də uşaqlarına milli və dini dəyərləri öyrətməyə çalışırlar. Lakin bu proses, əvvəlki nəsillərlə müqayisədə daha açıq və müzakirəli bir şəkildə edilir. Əvvəl böyüklərin ailədaxili çıxışları "bu belədir" ilə bitirdisə, indi "bu belədir, çünki..." ilə bitir. Və o "çünki"lər arxası dolu, arqumentli olmadığı halda gənc nəsilə demək olar ki, təsir edə bilmir. Müasir nəsil, ailə daxilindəki mövqelərin daha sərbəst şəkildə formalaşmasına meyillidir və bu, ənənəvi qaydalara qarşı münasibəti də dəyişib. Ənənəvi "ailə başçılığı" anlayışı öz yerini bərabər hüquq və ortaqlığa əsaslanan yeni bir modelə verməkdədir.

Nəticə olaraq, Azərbaycan ailələrində dəyərlər nə tamamilə dəyişir, nə də tamamilə qorunub saxlanılır. Bu proses, həm dəyişikliklərin, həm də davamlılığın harmonik bir şəkildə birləşdiyi bir mərhələyə keçib. Gənc nəsil, ənənəvi dəyərlərlə müasir dəyərləri "menyudan yemək seçirmiş kimi" selektiv formada dəyərləndirir və öz dünya görüşlərinə uyğun şəkildə mənimsəyirlər. Burada sağlam tarazlıqdan söhbət getmir. Burada tərəflərin qane etmək gücü və bacarığı əsasdır. Ənənəvi dəyərlərlə müasir qlobal dəyərləri aşılamaq istəyən tərəflərdən hansı daha sağlam və arqumentləşdirilmiş yanaşma ortaya qoyarsa, gənc nəsil o istiqaməti mənimsəməyə meyilli olur".

Yusif Nəbiyevin açıqlaması dəyişən Azərbaycan ailəsinin əsas problemlərini və ümumi mənzərəsini geniş şəkildə təqdim edir. Ənənəvi ailə modeli artıq əvvəlki formasında qala bilmir. Şəhərlərdə geniş ailələr yerini nüvə ailələrinə verir, valideynlərin uşaqları üzərindəki avtoriteti əvvəlki kimi dəyişməz və toxunulmaz deyil. Əksinə, gənclərin artan təhsil səviyyəsi və qlobal təsirlərə daha çox məruz qalması nəticəsində müasir ailələrdə fikir müxtəlifliyi artır. Bu, eyni zamanda ənənəvi ailə dəyərlərinin qorunmasını çətinləşdirir.

Bütün bunlara baxmayaraq, ailə institutunun əsas funksiyaları dəyişməz qalır: sevgi, dəstək və birlik. Valideynlər yenə də uşaqlarını ənənəvi milli və dini dəyərlər üzərində tərbiyə etməyə çalışır, lakin bunu etmək üçün daha müasir, arqumentli yanaşma tələb olunur. Əvvəllər "böyüklərin sözü qanundur" deyə qəbul edilən yanaşma, indi "niyə" sualı ilə üzləşir. Müasir gənclər üçün təkcə valideynlərdən eşidilən qaydalar yetərli deyil, onlar bu qaydaların məntiqi əsaslandırılmasını tələb edirlər.

Nəticə etibarilə, Azərbaycan ailələri bir keçid dövründən keçir. Bu dövr ənənəvi dəyərlərlə müasir təsirlərin qarşılıqlı təsirini özündə birləşdirir. Ənənəvi ailə modellərinin zəifləməsi ilə bərabər, yeni modelin formalaşması üçün də aydın sərhədlər yoxdur. Bəlkə də, bu, bir tarazlıq nöqtəsinə çatmaq üçün bir imkandır. Lakin bu tarazlığı təmin etmək həm valideynlərin, həm də gənc nəslin əməkdaşlığını və qarşılıqlı anlaşmasını tələb edir.

Son olaraq, Azərbaycan ailələrində dəyərlərin dəyişib dəyişməməsi sualına konkret cavab vermək mümkün deyil. Dəyərlər dəyişir, amma davam edir; davam edir, amma dəyişir. Əsas məsələ, bu dəyişikliklərin ailə birliyinə və cəmiyyətin gələcəyinə necə təsir edəcəyidir. Bu məsələdə hər bir fərdin və ailənin üzərinə böyük məsuliyyət düşür.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr