Türkiyə kubokunda qrup mərhələsinə start verildi.
"Football-plus.az" xəbər verir ki, üç oyun gününün hər birində 4 qarşılaşma keçirildi. İlk oyun günündə “Antalyaspor” 1-ci liqanın lideri “Kocaelispor”a heç bir şans vermədisə, superliqa təmsilçisi “Çaykur Rizəspor” gözlənilmədən 1-ci liqa təmsilçisi “Fatih Karagümrük”ə minimal hesabla boyun əydi. Son 9 rəsmi oyunda cəmi bir qələbəsi olan “Beşiktaş” elə də asan olmayan Sivas səfərində uğursuzluq zolağından çıxmağı bacardı. Rafa Silvanın 20-ci dəqiqədə vurduğu qol oyunda yeganə oldu. Joao Mario isə “Beşiktaş” karyerasında hesabına 2-ci məhsuldar ötürmə yazdı. Kubokun son qalibi statusunda olan “Qartal” qrupa önəmli 3 xalla start verdi. Maraqlıdı ki, komanda Sərdar Topraktəpənin başçılığı altında kubokda keçirdiyi 4 oyunun heç birində uduzmayıb (3 qələbə, 1 heç-heçə). “Ağ-qaralar” ötən mövsüm məhz bu məşqçi ilə bu turnirin qalibi olmuşdular.
2-ci oyun günü məhsuldar keçdi. 3-cü divizion təmsilçisi “Kırklarelispor” elitada çıxış edən “Bodrum”a 4 qol vursa da, bu, qələbə üçün kifayət etmədi. “Eyüpspor” “Boluspor”u minimal hesabla yendisə, yaxşı günlərini yaşamayan “Trabzonspor” gözlənilmədən “Alanyaspor”u darmadağın etdi. Günün və turun əsas oyununda “Qalatasaray” “İstanbul BŞ”ni qəbul etdi. Okan Buruk son superliqa matçı ilə müqayisədə heyətdə 9 dəyişiklik edərək Efe Akmanla Yusuf Dəmirə bu mövsüm ilk dəfə “11-lik”də şans verdi. 2022/23-ün 1/4 finalında məhz “Rams Park”da 3:2 qalib gəlməklə “Qalatasaray”ın yolunu kəsən “İstanbul BŞ” bu dəfə də yaxşı təsir bağışladı. Qonaqlar iki dəfə hesabda önə keçsələr də, sonda 1 xalı çətinliklə qazandılar. Daha doğrusu, bu xala görə komanda qapıçı Muhammed Şəngəzərə minnətdar olmalıdı. 28 yaşlı qapıçı əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə Batşuayinin penaltisini dəf etməklə qəhrəmana çevrildi. “Qalatasaray” qrupa qələbə ilə başlaya bilməsə də, komandanın məğlubiyyətsiz seriyası 22 rəsmi oyuna çatdı (16 qələbə, 6 heç-heçə). “Sarı-qırmızılar”ın bu mövsüm qapını toxunulmaz saxlamaqla bağlı ciddi problemi var. Onlar 27 rəsmi oyunun yalnız 4-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 42 qol buraxıb!
Elita təmsilçiləri - “Göztəpə”, “Konyaspor” və “Qaziantep” 1-ci liqa təmsilçilərinə qarşı oyunlarda sürprizə imkan vermədilər. Başıbəlalı “Kasımpaşa” – “Fənərbaxça” oyunu isə bütün söz-söhbətə baxmayaraq, baş tutdu. Bu komandalar, bilindiyi kimi, kubokda gəlirlərin az olduğunu iddia edərək, turnirdən çəkilmək istəyirdilər. Federasiyanın işə qarışmasından sonra “Kasımpaşa” U-19 komandası ilə də olsa, meydana çıxmağa razılıq verdi. “Fənərbaxça” isə yalnız şərtinin federasiya tərəfindən qəbul olunmasından sonra (bu haqda bu səhifədəki başqa yazıda oxu – red.) oyundan bir gün öncə turnirə qatılmağa razılıq verdi. “Kasımpaşa” meydana əsasən 19-20 yaşlı futbolçular buraxdığına görə təkqapı oyun getdi. Düzdü, Joze Mourinyo heyətdə rotasiyaya əl ataraq 4 futbolçuya bu mövsüm ilk dəfə “11-lik”də şans verdi. Maraqlıdı ki, onlardan ikisi – 18 yaşlı mərkəz müdafiəçisi Yusuf Akçiçək ilə 21 yaşlı yarımmüdafiəçi Bartuğ Elmaz qol vurmağı bacardı. İntriqanı hələ ilk yarıda öldürən və fasilədən sonra özünə (və rəqibə) əziyyət verməyən “Fənər” qrupa qələbə ilə başladı.
qrup mərhələsi, 1-ci tur
A qrupu
Trabzonspor – Alanyaspor 3:0
Visça, 51. Banza, 58. Nvakaeme, 69.
Trabzonspor: Uğurcan Çakır, Maleyro (Sərkan Asan, 70), Lundstram, Bataqov, Arif Boşluk (Barışiç, 83), Mendi, Umut Günəş, Visça (Salih Malkoçoğlu, 79), Ozan Tufan (Nvakaeme, 46), Çam (Cihan Çanak, 70), Banza.
Fatih Karagümrük – Çaykur Rizəspor 1:0.
Çağtay Kurukalıp, 86
Ankaragücü – İskəndərunspor 1:1
Varqa, 45 – Muhammet Bəşir, 79.
B qrupu
Kasımpaşa – Fənərbaxça 0:3
Ən-Nəsiri, 2. Yusuf Akçiçək, 27. Bartuğ Elmaz, 45+1.
Fənərbaxça: Ərtuğrul Çətin, Osayi-Samuel, Mərt Müldür (Muharrem Çizgili, 79), Çağlar Söyüncü (Amrabat, 71), Yusuf Akçiçək, Kostiç (Levent Mercan, 46), Bartuğ Elmaz, Şimanski (Mərt Hakan Yandaş, 46), İrfan Can Kahveci, Cenk Tosun, Ən-Nəsiri (Cengiz Ündər, 62).
Qaziantep – İstanbulspor 4:0
Kodro, 24; 88; 90+2. Ərən Ərdoğan, 86.
Ərzurumspor – Göztəpə 0:1
Uqo, 22.
C qrupu
Qalatasaray – İstanbul BŞ 2:2
Sançes, 51. Əbdülkərim Bardakcı, 74 – Dəniz Türüc, 35. Pyontek, 53.
Qalatasaray: Günay Güvənc, Metehan Baltacı (Mertens, 46), Sançes, Əbdülkərim Bardakcı, Yelert (Barış Alpər Yılmaz, 57), Efe Akman (Sara, 64), Berkan Kutlu (Yakobs, 86), Kərəm Dəmirbay, Yusuf Dəmir (Yunus Akgün, 46), Şallai, Batşuayi.
İstanbul BŞ: Muhammed Şəngəzər, Həmzə Gürələr, Ba, Opoku, Lima, Kemen, Krespo (Onur Ərgün, 75), Berat Özdəmir, Dəniz Türüc (Ömər Əli Şahinər, 88), Fiqeyredo (Davidson, 75), Pyontek (Keni, 81).
Eyüpspor – Boluspor 1:0
Ahmed Kutucu, 70.
Çorum – Konyaspor 0:1
Kramer, 85.
D qrupu
Sivasspor – Beşiktaş 0:1
Rafa Silva, 20.
Beşiktaş: Mərt Günok, Svensson, Uduoxay, Zaynutdinov, Masuaku, Ndur, Fernandeş, Muçi (Mustafa Həkimoğlu, 73), Mario (Salih Uçan, 82), Rafa Silva (Raşitsa, 82), Semih Kılıçsoy (İmmobile, 73).
Antalyaspor – Kocaelispor 3:1
Mehmet Yılmaz, 9-öz qapısına. Samudio, 18. Bahadır Öztürk, 69 – Markao, 90+1.
Kırklarelispor – Bodrum 4:4
Okan Dərici, 6; 19; 45+2. Hüseyin Karataş, 47 – Oğulcan Başol, 31; 38. Gökdəniz Bayrakdar, 37. Cəlal Dumanlı, 72.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta