AZ

Xronika: "Ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya ediblər"

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb...

"Qaraqala kəndini yenidən bərpa etmək ən böyük arzumdur" adlı veriliş əslən Dərəçiçək mahalından olan Qərbi azərbaycanlı Vüqar Nərimanbəylinin həyat hekayəsinə həsr olunub.

O deyib ki, atam və mən Bakı şəhərində anadan olsaq da atamın atası, yəni babam Qərbi Azərbaycanda Qaraqala kəndində anadan olub: "Babam xatirələrində doğulduğu kənddə yaşadığı dəhşətlər, erməni deportasiyasına məruz qaldıqları haqqında mənə uşaq vaxtı məlumatlar verib. 1736-cı ildə salınmış kəndin adı qara rəngli çay daşlarından inşa edilmiş qala divarlarından qaynaqlanırdı. Burada daim azərbaycanlılar yaşayıb və 1948-ci il deportasiyasına qədər öz əzəmətini qoruyub saxlayıb. 1950-ci illərin ortalarında ermənilər Razdan adlandırdıqları Axta çayı üzərində bəndin tikintisi adı ilə kəndi ləğv edərək xarabalığa çevirmiblər".

Onun sözlərinə görə, 1948-ci ildə baş verən deportasiya zamanı babasının ailəsi də daxil olmaqla kəndin əhalisi yük vaqonlarında Saatlı rayonunun Qazanbatan kəndinə köçürülüb: "Antisanitariya şəraitində və kəskin iqlim dəyişikliyi səbəbindən bir çox insan xəstəliklərdən həyatını itirib. 1905, 1915, 1918-ci illərdə də ulu babalarım erməni zorakılığına məruz qalıb. Cümhuriyyət dövrünə qədər babamın qohumları güllələnib, evləri talan edilib, fermaları yandırılıb".

V.Nərimanbəyov üçüncü nəsil Qərbi azərbaycanlı kimi, babasının yurdunu unutmadığını söyləyib: "Babam deyərdi ki, bizim çaylar daha bolsulu, dağlarımız yaşıl, havası daha təmiz idi. Hər zaman Vətən həsrəti onun gözlərindən oxunurdu. Xəyalımda Qərbi Azərbaycanı bu şəkildə canlandırmışam. Lakin bu gün kəndimiz, mahalımız haqqında internetdə araşdırmalar edərkən oradakı erməni vandalizminin son nəticələrini gördükdə kədərlənirəm".

O sonda Vətən həsrətinin ağır olduğunu, dədə-baba yurduna qayıtmaq istəyini ifadə edib: "Vətən həsrəti mənim üçün öz babamın, onun babasının doğulduğu yerdən uzaq qalmaqdır. Mütləq şəkildə torpaqlarımıza qayıtdıqdan sonra ulu babalarımın məzarlarını, onların evlərini, dağıdılmış yurdlarını aşkar edib üzə çıxaracağam".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Poliqon.info

Seçilən
6
2
poliqon.info

10Mənbələr