Anna Axmatovanın şeirləri
Heybətli taleylə qorxutma məni,
şimal xiffətiylə qorxutma artıq.
İlk bayramımızdır indi səninlə,
bu əziz bayramın adı - ayrılıq.
Eybi yox, şəfəqi qarşılamayaq,
Ay bizə tutmasın öz fənərini.
Bu gün mən səninçün bağışlayaram
dünyanın ən nadir bəxşişlərini:
Yuxusu qaçanda axşamlar çayın,
sudakı üzümü verərəm sənə.
Axan bir ulduzun yenə səmaya
geri dönməsinə kömək etməyən
gözümü verərəm sənə.
Verərəm səsimin əks-sədasın -
əvvəl o şux idi, indisə yorğun.
Susub dinləyərsən Moskvadakı
qara qarğaların dedi-qodusun.
Bunlar oktyabrın rütubətini
mayın nəşəsindən daha xoş edər.
Yad et, yad et məni, mənim
mələyim,
yad et, heç olmasa ilk qara qədər.
***
Qapı yarıaçıqdır,
Cökənin ətri qəşəng...
Masada unudulub
Bir qamçı, bir də əlcək.
Sarı çıraq haləsi,
Diqqət kəsilmişəm mən.
Anlaya bilmirəm ki,
Niyə çıxıb getdin sən...
Sabah Günəş doğacaq,
İşıqlı gün gələcək.
Bu həyat çox gözəldir,
Ağıllı ol, ey ürək.
Yorğunsan, çırpınırsan,
Boğubdur səni qəhər...
Bilirsən, oxumuşam
Ki, ölməzdir könüllər.
***
Qara tül altında sıxdım əlimi...
“Söylə, sən nə üçün belə
solğunsan?”
- Çünki mən öz qatı kədərim ilə
Onu içirtmişəm məst olanacan.
Necə unudaram? Getdi ləngərlə.
Əyildi dodağı əzab çəkərək...
Qaçdım, sürahidən tutmadan qaçdım
Onun arxasınca mən qapıyadək.
“Bunların hamısı bir zarafatdır,
Getsən, ölərəm mən” - çığırdım bərkdən.
Sakit, hürküdücü bir təbəssümlə
Dedi: “Durma yeldə, üşüyəcəksən”.