AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
Senzor.az bildirir ki, H.Əliyevanın atası Cəlil Əliyev KİV-ə açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxs onu "Kapitalbank"ın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi və kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, "Kapitalbank"ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.
DİN Mətbuat Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Məsələ ilə bağlı "Kapital Bank" da məlumat yayıb. Bildirilib ki, qurum Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma aparır: "Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək".