AZ

İrana “qardaş” zərbəsi: İrəvan Tehranı ABŞ əsgəri ilə üz-üzə qoyur

Bayden hökumətinin son günlərində Ermənistanla imzaladığı strateji münasibətlərə dair saziş İrəvan üçün təhlükəsizlik qarantı olmaqdan daha çox “ayı xidməti” göstərəcək. ABŞ-nin bu addımı demokratlar administrasiyasında ənənəvi oyunçular olan Rusiya və İranla gərgin münasibətlər fonunda bölgədə möhkəmlənmək cəhdi ilğımı yarada bilər. Ancaq fizikanın təsir əks-təsirə bərabərdir qanunu geosiyasətdə də keçərlidir: Rusiyanın onillər boyu “oylağ”ı olmuş Ermənistanı asanlıqla güzəştə gedəcəyini gözləmək əbəsdir. Üstəlik, unudulmamalıdır ki, Blinken-Mirzoyan sazişinin yanvarın 20-də səlahiyyətlərinə başlayacaq Donald Tramp hakimiyyəti üçün sadəcə geosiyasi ballast olma ehtimalı da az deyil...

Ermənistan kimi kiçik, siyasi alətləri və iqtisadi resursları kasad olan ölkələrin belə addımları uşağın odla oynamasını xatırladır. Son dörd il ərzində İrəvanın Cənubi Qafqaz üçün tamamilə yad ünsür olan Fransa ilə limiti aşmış münasibətlərinin hansı regional gərginliyə səbəb olduğu göz önündədir.

İflasa uğrayan fransız məsuliyyəti

ABŞ-Ermənistan razılaşması fonunda İrəvanın Parislə təhlükəli flirtinin üzərində dayanmağımız təsadüfi deyil. Əgər Paşinyan hökuməti özünə sanballı himayədar axtarırsa, onu regiondan çox-çox uzaqlarda tapırsa, bu halda öz problemlərini həll etmək niyyəti ilə yanaşı, bu coğrafiyanın tarixi aktorlarını da öz üzərinə qaldırmış olur. Bu azmış kimi, belə təmaslar bütün region üçün neqativ rol oynayır. Çünki Fransanın Ermənistanla mübhəm münasibətləri onun İrəvana arxa durmaq niyyətindən daha çox Cənubi Qafqazda möhkəmlənmək istəyinin göstəricisidir. Makron hakimiyyəti illərində Parisin hər hansı belə addımının müsbət nəticələrə səbəb olduğunu iddia etmək isə olduqca çətindir.

Trampın gündəmində olmayan Ermənistan

Tramp administrasiyasının İrəvanla imzalanmış sənədə xüsusi önəm verəcəyi barədə ümidlər dumanlı görünür. ABŞ-nin yeni prezidenti xarici siyasət prioritetlərini artıq elan edib və onun gündəmində çox güman ki, Ermənistan kimi dövlət, “erməni problemləri” kimi hədəf yoxdur. Bununla belə, Blinken-Mirzoyan anlaşmasının ən azı bir fatal fəsadı qaçılmazdır: bölgəmizdə siyasi, enerji və logistik maraqları olan Vaşinqtonun Moskva ilə münasibətlərinin çəpləşəcəyi daha bir region Cənubi Qafqaz ola bilər. Bölgənin güc qütblərinin çəkişmə arenasına çevrilmə ehtimalı region təmsilçiləri üçün təhlükəli tendensiyadır. Hər zaman müstəqil siyasət yürüdən Azərbaycanla yanaşı, milli maraqlarına görə Qərblə münasibətləri pisləşən Gürcüstanın da bu ssenaridən əziyyət çəkə biləcəyi istisna deyil. Bakı ilə yanaşı, Tbilisi də bölgənin qatıldığı qlobal transmilli layihələrin aktiv iştirakçısıdır. Ənənəvi enerji daşıyıcılarının Qərbə tranziti prosesində Gürcüstanın vacib rolu danılmazdır. Tbilisi hazırda aktual olan Orta dəhliz kimi qlobal logistik layihədə, habelə Azərbaycanın bərpa olunan enerji ehtiyatlarının Avropa bazarlarına daşınması prosesində də həlledici bəndlərdən biri kimi çıxış edir. Belə bir reallıqda Paşinyan Ermənistanı bölgənin çiçəklənməsinə xidmət edən layihələrin iştirakçısı etməkdənsə, region üçün təhlükəli çağırışların önündə getmək yolunu seçib.

Seçilən
18
1
publika.az

2Mənbələr