Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində xalqımızın azadlıq mübarizəsinin rəmzi olan 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Anım mərasimində ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası tərəfindən Azərbaycan xalqına qarşı qanlı qırğın törədilib. 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin gecə azadlıq və müstəqilliyimiz uğrunda şəhid olan Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlarına çevriliblər.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisələrə dövlət səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mühüm addımlar atılıb.
Tədbirdə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması Vətən uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilib.