AZ

Qanlı yanvar

Tariximizin ən ağrılı, lakin eyni zamanda ən qürurverici səhifələrindən biri olan 1990-cı ilin 20 Yanvarı xalqımızın həm faciəsini, həm də qəhrəmanlığını təcəssüm etdirən bir gündür. Bu tarixdə sovet ordusu azadlıq və müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı qanlı qırğın törətdi. Lakin bu vəhşilik xalqımızın iradəsini sındıra bilmədi, əksinə, B.Vahabzadə demişkən “AZADLIQ TOXUMU SƏPDİ ŞƏHİDLƏR”. Bu hadisə milli birliyi gücləndirdi və müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi.

20 Yanvar gecəsi Bakıda və Azərbaycanın müxtəlif bölgələrində sovet ordusu dinc insanlara qarşı amansızcasına hücum etdi. Yüzlərlə günahsız insan öldürüldü, yaralandı, itkin düşdü. Bu qanlı hadisə sovet rejiminin öz xalqına qarşı münasıbətini bir daha ortaya qoydu. Lakin bu çətin sınaq xalqımızın əzab və acısını deyil, eyni zamanda onun əyilməzliyini də göstərdi.

Müstəqillik heç vaxt asanlıqla əldə edilmir. Bundan ötrü azad ruhlu insanlar yetişdirmək lazımdır. Özünü vətən yolunda fəda edə biləcək oğulları yetişdirən analarımız bu işin öhdəsindən layiqincə gəldilər.

O gecə insanlarımız müstəqillik və azadlıq idealları uğrunda canlarını fəda etdilər. Bu qurbanlar Azərbaycanın istiqlaliyyət mübarizəsini daha da gücləndirdi və sovet rejiminin çöküşündə mühüm rol oynadı. Şəhidlərimizin qanı ilə yazılan bu tarix təkcə faciə deyil, eyni zamanda xalqımızın şanlı mübarizəsinin simvoludur.

20 Yanvar azadlıq uğrunda yanan məşəldir:

Qara gecə, yanar ürək,

Yatdı şəhər, qalxdı tufan.

Xalqın səsi, haqqın səsi

Susdurulmaz, əbədi yan!

İndiki müstəqil Azərbaycan Respublikasının var olması üçün bu şəhidlər verilməli idi. Hər il yanvarın 20-də xalqımız öz oğul və qızlarını yad etmək üçün Şəhidlər xiyabanına üz tutur. Bakının ən uca yerində minlərlə insanın müşayiəti ilə dəfn olunan bu fədailər XX əsrin əvvəllərində verilmiş şəhidlərimizlə bir yerdə uyuyurlar. Qan yaddaşımızın bir parçasına çevrilən bu hadisənin dəyərini və məramını illər keçdikcə daha dərindən anlayırsan. Övladlarımızın təhlükəsiz şəkildə və xoşbəxt yaşamaları üçün azadlığı qorumaq və gələcək nəsillərə müstəqil və güclü Azərbaycan Respublikası qoymaq üçün hər kəs layiqli vətəndaş olmalıdır.

Ləman Baloğlanova,
287 nömrəli Zəkalar liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Seçilən
4
ikisahil.az

1Mənbələr