AZ

Gürcüstanda 20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş tədbir keçirilib

Tbilisidə “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı foto-sərgi və anım tədbiri keçirilib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Uğur Tahlan, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Faiq Nəbiyev, Marneuli Bələdiyyəsinin struktur bölmələrinin rəhbərləri və üzvləri, TİKA-nın Gürcüstan nümayəndəliyinin baş direktoru Zeynəb Bayraq, Türkiyənin “MAARİF” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen, Marneuli şöbəsinin müdiri Murad Kördemir, ictimaiyyət nümayəndələri, din xadimləri, ziyalılar, elm adamları və gənclər iştirak ediblər.

Qonaqlar əvvəlcə 20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar. Daha sonra tədbir hər iki faciədə, eləcə də Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, sovet ittifaqının ali və hərbi rəhbərliyi 20 Yanvar və 9 Aprel faciələrini törətməklə Azərbaycan və Gürcüstan xalqlarının azadlıq və müstəqillik arzularını boğmaq məqsədilə Bakı və Tbilisiyə ordu yeridərək günahsız insanları qətlə yetiriblər. O qeyd edib ki, bu faciələr xalqlarımızın qanla yazılmış şərəfli tarixidir.

Direktor əlavə edib ki, 20 Yanvar faciəsində 170-dən çox insan şəhid olub, onlardan 6-sı gürcüstanəsilli azərbaycanlılardır. 9 Aprel faciəsində isə 21 gürcü vətəndaşı həyatını itirib. O bildirib ki, şəhidlərin qanı yerdə qalmadı və Azərbaycan torpaqları işğaldan azad olundu.

Seçilən
19
1
report.az

2Mənbələr