Xocalı prospektindəki parkinq çıxışı sürücüləri cərimə ilə üz-üzə qoymaqda davam edir...
AYNA-nın qeyri-peşəkarlığı və yaratdığı xaos: Parkinqə giriş var, çıxış yoxdur...
Xocalı prospektindəki parkinq çıxışı sürücüləri cərimə ilə üz-üzə qoymaqda davam edir...
Yenicag.az xəbər verir ki, paytaxtın Xocalı prospekti 13 ünvanında salınmış parkinq sahəsi ilə bağlı narazılıqlar artmaqdadır.
Belə ki, sosial şəbəkə istifadəçisi Haldun Novruzzadənin bildirdiyinə görə, ərazidə parkinqə giriş üçün qırıq xətlər qoyulsa da, çıxış üçün eyni xətt yolun sonunda yerləşdirilib. Bu isə sürücülərin yola daxil olduğu anda Daxili İşlər Nazirliyinin yol hərəkətinin tənzimlənilməsi üçün quraşdırılmış kameraları tərəfindən qeydə alınaraq cərimələnməsinə səbəb olur.
Şikayətçi yazır ki, parkinqdən çıxış üçün məntiqli bir yol mövcud deyil.
“Artıq üç maşınımız bu səbəbdən cərimə edilib: 100 manat və 2 cərimə balı. Tanrı hələ insanlara qanad verməyib ki, uçaraq çıxsınlar. Xahiş edirəm, xəttlənməni düzgün edin”, deyə şikayətçi iradını bildirib.
Xatırladaq ki, şikayətçi problemin aradan qaldırılması üçün müvafiq qurumlara çağırış edir və məsələnin tezliklə həllini gözləyir.
Bunun qanunsuz olduğunu iddia edən vətəndaşın haqlı olub-olmadığını öyrənmək üçün Yenicag.az nəqliyyat eksperti Elməddin Muradlıya müraciət edib.
Ekspert vətəndaşın sözügedən məsələdə tamamilə haqlı olduğunu bildirib:
“Bəli, burada qüsur var və vətəndaş tamamilə haqlıdır. Çünki parklanma yeri var, parklanma yerinə giriş də var, sadəcə, çıxış yoxdur. Nöqsan da elə budur. Bu cəriməni yazan adamlar da ona əsaslanırlar ki, vətəndaş xəttin üstündən keçib və s. Daha fikirləşmirlər ki, bu parkinqə girən adam haradan çıxacaq?
Cəriməni isə “Azparking” yazmır, xəttin tələbini pozduğuna görə cəriməni yazan DYP-dir. “Azparking”, sadəcə, parklanmanı təşkil edərkən səhv edib. Hesab edirəm ki, AYNA əməkdaşları, hərəkətin təşkili şöbəsi oraya bir daha baxmalı və xətti qaydasına salmalıdır ki, vətəndaşlar buna görə əziyyət çəkməsinlər”.
Poliqon.info