Tbilisi, 18 yanvar, AZƏRTAC
Bu gün Marneulidə “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Uğur Tahlan, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Faiq Nəbiyev, Marneuli Bələdiyyəsinin struktur bölmələrinin rəhbərləri və üzvləri, TİKA-nın Gürcüstan nümayəndəliyinin baş direktoru Zeynəb Bayraq, Türkiyənin “Maarif” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen və Marneuli şöbəsinin müdiri Murad Kördemir, ictimaiyyət nümayəndələri, din xadimləri, ziyalılar, elm adamları və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar və 9 Aprel faciələrini əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək 20 Yanvar və 9 Aprel faciələrinin başvermə səbəbləri, acı nəticələri barədə danışıb. Bildirib ki, keçmiş sovet ittifaqının rəhbərliyi xalqlarımızın azadlıq və müstəqillik uğrundakı mübarizə əzmini boğmaq məqsədi ilə 1989-cu ildə Tbilisiyə, 1990-cı ildə isə Bakı şəhərinə qoşun yeridərək günahsız insanları qətlə yetiriblər. Bu günləri biz faciə kimi yaşasaq da, əslində, xalqlarımızın tarixi və qanla yazılmış şərəfli günü kimi də qeyd edirik. O dövrdə dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev ona qarşı olan çoxsaylı təqib və təzyiqlərə baxmayaraq, özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, dərhal bu hadisələri törədənlərin cəzalandırılmasını və hadisəyə siyasi qiymətin verilməsini tələb edib.
O qeyd edib ki, 20 Yanvar faciəsində şəhid olan 170 şəxsdən 6 nəfəri Gürcüstanəsilli azərbaycanlılardır. Ümumilikdə yüzlərlə insan qanunsuz həbs edilib. 9 Aprel faciəsində də 21 nəfər gürcü qardaş və bacılarımız faciə qurbanı olub, yüzlərlə insan qanunsuz olaraq həbs edilib. Lakin bütün bunlar xalqlarımızın mübarizə əzmini qıra bilməyib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik Kamil Əfəndiyev çıxışında Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə tarixindən söz açıb, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını bildirib.
O bildirib ki, şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, hacı Faiq Nəbiyev bildirib ki, din xadimləri anım günündə məscidlərdə şəhidlərimizin ruhuna dualar oxuyacaqlar.
Azərbaycanın Əməkdar jurnalisti, şair Nizami Məmmədzadə 20 Yanvar şəhidlərinə həsr etdiyi poemadan parçalar, Faxralı kənd orta məktəbinin şagirdləri isə şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin sonunda ehsan süfrəsi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi