AZ

Uğurlu xarici siyasətin yeni uğurları

Çingiz Sultansoy

Bizim hakimiyyət, onun təbliğatını aparan təmsilçiləri tez-tez "uğurlu daxili və xarici siyasət"dən danışmağı xoşlayır. Daha ağıllı və savadlıları daxili siyasətə toxunmur, yalnız xarici siyasətin uğurundan danışmağı üstün tuturlar. 

Norveçdə mühacirətdə yaşayan Avropa Siyasi Mühacirləri Komitəsinin – ASİMKOM-un üzvü, siyasətçi və ekspert Daşqın Ağalarlı hesab edir ki, bu təbiidir: 
"Neft-qaz gəlirlərinə baxmayaraq, yaşayış səviyyəsi nəinki Türkiyə və İrandan, hətta qonşu Gürcüstan və Ermənistandan geri qalan, xalqı yarıtox-yarıac dolanan, polis zülmü altında inləyən, işgəncə normaya çevrilən həbsxanalarında 332 siyasi məhbus saxlanılan Azərbaycanda daxili siyasəti "uğurlu" adlandırmaq üçün çox vicdansız, yalançı və yaltaq olmaq gərəkdir". 

Amma hətta ağıllı təbliğatçılar da xarici siyasətin mükəmməl, Rusiya ilə Amerika arasında orta mövqe tutan, balanslı və ona görə uğurlu olmasından danışmağı sevir. 

Bəs Azərbaycanın xarici siyasətiylə bağlı son günlərdə hansı hadisələr baş verib? 

UĞUR №1. 

Yanvarın 16-da Almaniyanın Bayern torpağının paytaxtı Münhendə "Kürü diplomatiyası”nda təqsirləndirilən 4 nəfərin məhkəməsi başlayıb. Diqqətəlayiq məqam - müttəhimlərə alman hüquq praktikasında ilk dəfə (!) olaraq Almaniya Cinayət Məcəlləsinin 108 E bəndi – "Deputat səlahiyyətli şəxsin (rüşvətlə) ələ alınması” bəndinin tətbiq edilib. 

Bəli, analoqu olmayan inkişafıyla qürurlanan hakimiyyət bu uğura da imza atdı. 

Almaniya mətbuatı bunu "Azərbaycan aferası (fırıldağı)” adlandırır. Bu söz birləşməsini utana-utana yazıram. Adımız niyə belə çıxmalıdır?

Alman məhkəməsi Avropa Şurası Parlament Assambleyasında korrupsiya ilə bağlı işi araşdırır. Qara kürü, mirvari boyunbağı kimi hədiyyə, pul dolu zərflər. Necə də tanış mənzərə... 

Bəs müttəhimlər kürsüsündə oturan keçmiş bundestaq deputatları konkret nəyə görə və nədə ittiham olunur?

İTTİHAM: 3 MİLYON AVRO VƏ BRİLYANT QAŞLI QIZIL BOYUNBAĞI

Hələ 2018-ci ildə xəbər yayılmışdı ki, AŞPA-nın bir sıra üzvü Azərbaycan hakimiyyətinin maraqlarını Avropada lobbiçilik etdikləri üçün Bakıdan rüşvət alıblar.  
İttiham tərəfinin fikrincə, uzun müddət Almaniya hakimiyyətindəki koalisiyada təmsil olunan Xristian Sosial Birliyi (almanca CSU) partiyasının üzvü Eduard Lintner rəsmi Bakının maraqlarını qorumaq və yeritmək üçün Azərbaycan şirkətləri vasitəsiylə üç milyon avrodan çox pul alıb və bu pulu, hədiyyələrlə yanaşı, Assambleyanın bir sıra üzvlərinə paylayıb. Təbii, bu səxavət təmənnasız olmayıb...  

Cənab Lintner Azərbaycanda keçirilən seçkilərdə müstəqil müşahidəçi kimi iştirak edib, seçkinin obyektiv, demokratik standartlara uyğun olması haqqında rəsmi Bakının ruhunu oxşayan hesabatlar yazıb. Qara kürü və pul verdiyi deputat dostlarının neçəsinin ona səs verdiyi haqqında məlumat yoxdur. Amma istənilən halda, bərəkallah!

Prokurorluq həmçinin hesab edir ki, digər müttəhim - Aksel Fişer "Azərbaycanın maraqlarına uyğun göstərişlər əsasında hərəkət etdiyi üçün” pul alıb. Bu cür hərəkətlərə AŞPA-da və başqa yerlərdə müsbət, müdafiə səciyyəli çıxışlar, bundestaqın məxfi sənədlərin operativ Bakıya ötürülməsi və Azərbaycan hakimiyyətinin istədiyi şəkildə səsvermə daxildir. İttiham iddia edir ki, Lintner pulu ona nağd verib.

Əhsən belə lobbiçiliyə! Əhsən bizim Xarici İşlər Nazirliyinə və bu savab işə bütün qol qoyan azərbaycanlılara!

Şahidlər AŞPA üzvlərinin Azərbaycan nümayəndələrindən qiymətli hədiyyələr, məsələn, qara kürü bankaları və ya sadəcə nağd pul dolu zərflər aldığını təsdiq edib. Bu nümayəndələrin adları, kimliyi haqqında hələ məlumat yoxdur.  

Bir isveçrəli avrodeputat bildirib ki, Bakıya rəsmi səfərlərinin birində hotel otağına qayıdanda mirvari və brilyant qaşlı qızıl boyunbağı aşkar edib. 

Qonaqpərvərlik belə olar! 

Məhkəmə davam edir: müdafiəsi və tənqidçilərə münasibətin fərqi... 

"Seçkilərin monitorinqi” GHT-sinin rəhbəri, xaricdə də tanınan seçki eksperti Anar Məmmədli dəfələrlə Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərini tənqid edib, onların heç bir beynəlxalq standarta uyğun olmadığını və saxtalaşdırıldığını deyib.  

Anar Məmmədli  hazırda Azərbaycanda həbsdə olan siyasi məhbusdur, səhhəti də gün-gündən pisləşir.
 
Almaniyada mühacirətdə yaşayan Qarabağ qazisi, keçmiş siyasi məhbus və araşdırmaçı jurnalist Əfqan Muxtarlı  deyir: "Bu lobbiçilik Azərbaycanın maraqlarını deyil, İlham Əliyevin şəxsi siyasi maraqlarını müdafiə edib. Yəni pul Eduard Lintnerə və Aksel Fişerə AFR bundestaqında və AŞPA-da Əliyevin şəxsi maraqlarını müdafiə etmək, ünvanına yönəli tənqidin qarşısı almaq və ya heç olmasa azaltmaq və yumşaltmaq, təsirini zəiflətmək, hakimiyyətin ömrünün uzadılmasına xidmət edən fəaliyyətə və çıxışlara görə verilib”. 

Daşqın Ağalarlı  diqqəti  bu məqama çəkib: "Saxta seçkiləri müdafiə edən Eduard Lintner və Aksel Fişer kimilərinə 3 milyon avro, qara kürü, brilyant qaşlı qızıl boyunbağı, düzünü deyərək tənqid edən Anar Məmmədliyə, Əfqan Muxtarlıya, "Abzas Media", "Toplum TV", "Meydan TV", "Kanal-13" jurnalistlərinə, Ələsgər Əhmədoğlu, Ruslan İzzətli və b. həbs. Deməyin ki, Lintner və Fişer xaricidir, Anar, Əfqan, Ələsgər və b. Azərbaycan vətəndaşı. Mirşahin Ağayev, Rauf Arifoğlu, Eynulla Fətullayev, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Erkin Qədirli və v. belələri Azərbaycan vətəndaşıdır. Amma seçki saxtakarlığı, korrupsia haqqında susmağı, arada prezidentin uğurlu siyasətini tərifləməyi yaxşı bacarırlar”.

Kimsə desə ki, lobbiçilik bütün dünyada var, bunu gürcülər və ermənilər də edir, ona sualım var. Onlar da belə səriştəsiz, bacarıqsız, əfəlcəsinə edirlər və yanırlar? Bəs YAP-çılar otuz ildi 1992-93-cü illərin xalq hakimiyyətinə "səriştəsiz" deyirdilər? O hakimiyyətə ki, 11 ay ərzində pulsuz-parasız BMT-də Qarabağla bağlı 2 (iki) qətnamə keçirə bilmişdi? O iki qətnamə ki 44 günlük müharibədə və sonra bütün Qarabağın azad edilməsinin hüquqi və siyasi əsası oldu...

UĞUR №2. 

Başqa uğurumuz isə iki gün öncə Ermənistanın Amerika Birləşmiş Ştatlarıyla Strateji Tərəfdaşlıq Xartiyasını imzalamasıdır. Dünyada güc №1 olan ABŞ-ın artıq Gürcüstan və Ukrayna ilə oxşar müqavilələri var. Biz isə bala-bala batmaqda olan Rusiya ilə dostluq edirik...

Yenə də kimsə deyə bilər ki, biz nə edə bilərdik? Ermənilərin ABŞ-da güclü lobbisi var, danışıblar, konqresmenlərin fondlarına və üstəlik, əlaltdan pul-rüşvət ötürüblər və istədikləri müqavilə imzalayıblar. 

"Belə vəziyyətdə Azərbaycan nə edə bilərdi?” sualına Daşqın Ağalarlı belə cavab verib:  "Strateji Tərəfdaşlıq Müqaviləsi yeni imzalanıb, amma danışıqlar 2019-cü ildən gedir. Bizim XİN, Xarici Kəşfiyyat İdarəsi, Diaspor Komitəsinin xəbəri olmayıbsa, niyə olmayıb? Bu halda müxalifət nümayəndələrindən soruşub öyrənmək olardı. Onların vəzifəsi tək büdcə mişarlamaq deyil axı... Yox, xəbərləri olubsa, belə danışıqların getdiyini və sənədin imzalanmağa yaxınlaşdığını bilə-bilə Ermənistanla müqavilə  imzalanmasını yubatmaq böyük səhvdir. Belə vəziyyətdə Paşinyanı sıxmağın, "Zəngəzur bizimdi!”, "İrəvanı alarıq!" şüarlarıyla hədələməyin nə mənası vardı? Təbii ki, STM imzalanandan sonra rəsmi Yerevanın mövqeyi sərtləşəcək. Amerika Ermənistanın sərhədlərini qorumaq öhdəliyini götürəndən sonra "İrəvanı alarıq!" hədəsi kimi qorxuda bilər? Bunların hamısı bizim diplomatiyanın səhvi, xarici siyasətimizin ciddi uğursuzluğudur”. 

Bu ikinci uğurumuz ayrıca, uzun söhbətin mövzusudur. 

Əslində, hər iki uğurumuz yalnız Azərbaycanın deyil, həm də onun prezidenti İlham Əliyevin uğurudur...

Bu ikisindən savayı da uğurlarımız da var, məsələn, nümayəndə heyətimizin AŞPA-dan getməsi və meydanı qonşularımıza tərk etməsi və s. Amma onlar yeni deyil... 

Seçilən
4
50
arqument.az

10Mənbələr