ABŞ-ın Ukraynanın dron sənayesinə gizli sərmayə qoyduğu üzə çıxıb. ABŞ prezidenti Co Baydenin göstərişi ilə məxfiliyi ləğv edilən əməliyyat sənədlərinə görə, Vaşinqton administrasiyası sentyabr ayında Ukraynada dron sənayesinə 1,5 milyard dollar sərmayə qoyub.
“The New York Times” qəzeti bu sərmayənin pilotsuz uçuş aparatlarının (PUA) istehsalının artırılmasına və Ukrayna və ABŞ şirkətləri arasında tərəfdaşlığın gücləndirilməsinə xərcləndiyini yazıb.
Bundan əlavə, PUA istehsalı proqramı yaradılmasına köməklik üçün ABŞ kəşfiyyat nümayəndələri Ukraynaya göndərilib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan Vaşinqtonun dron investisiyalarının müharibədə “əsl strateji təsir” göstərdiyini iddia edib: “Biz PUA-ların Ukraynadakı döyüşlərdə getdikcə mərkəzi rol oynadığını və gələcək bütün müharibələrdə bunu davam etdirəcəyini gördük”.
Sallivan qeyd edib ki, dron proqramı üzərində iş 2022-ci ildə, Ukraynanın Rusiya qoşunlarına qarşı ilk əks-hücumunu həyata keçirən zaman başlayıb. O, 2023-cü ildə uğursuz əks-hücum əməliyyatından sonra proqram üzərində işlərin sürətləndirildiyini deyib.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam J.Börns da Ukraynada İHA istehsalına dəstək ilə bağlı açıqlamalar verib: “Düşünürəm ki, bizim kəşfiyyat dəstəyimiz ukraynalılara özlərini müdafiə etməyə kömək edib. Biz təkcə kəşfiyyat məlumatlarının mübadiləsində deyil, həm də çox effektiv sistemlərin dəstəklənməsində rol oynadıq”.
Yanvarın 20-də ofisini Donald Trampa təhvil verəcək Co Bayden yanvarın 9-da verdiyi açıqlamada Ukraynaya 500 milyon dollarlıq sursat yardımı göndəriləcəyini açıqlayıb.
Tramp seçki kampaniyası zamanı Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyini iddia etmişdi. Bununla belə, respublikaçı liderin müharibə ilə bağlı hansı siyasət yürüdəcəyi gələcəkdə bəlli olacaq.