AZ

Azər Bağırov “Turan Tovuz” üzərindəki darmadağını şərh etdi

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis 5:2 hesablı qələbəyə sevindikləri oyundan sonra baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

“Əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xırda anlaşılmazlığa görə də Tovuz azarkeşlərindən üzr istəyirəm. Futbolda belə şeylər hərdən baş verir. Fanatlar var olsunlar. Oyunlar azarkeşlər ilə gözəldir. Çətin qarşılaşma oldu. Rəqibin əsas müdafiəçilərinin olmaması bizim üstünlüyümüz idi. Uşaqları matça yaxşı kökləmişdik. Şükürlər olsun ki, görüşün sonuna kimi mübarizə apara-apara qalib gəldik. Futbolçular meydançada istədiklərimizi həyata keçirə bildilər. Onları təbrik edirəm. Gəncədən təşrif buyuran öz azarkeşlərimizə də minnətdaram. Qələbədə payları var”, deyə Azər Bağırov jurnalistlərə açıqlamasında bildirib.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə “Kəpəz”ə məğlubiyyəti belə şərh edib:

“Bu oyunda “Kəpəz” layiqli qələbə qazandı. Bu münasibətlə onları təbrik edirəm. Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Bu oyunda bizdə heç nə alınmadı. Nəticə çıxarmalıyıq. Müdafiədə ilk dəfə Sadiq Quliyev oynadı, Araş Qaderi xəstə idi. Standart vəziyyətlərdə kobud səhvlər oldu. Halbuki bunun üzrərində çox işləmişdik. Hədəfimiz dəyişmir. Qarşıda çox oyun var. Bu oyundan nəticələr çıxarmalıyıq. Qeyd etdiyim kimi, müdafiədə problemlərin olacağını bilirdik. Standartlardan belə asan qol buraxacağımızı gözləmirdik”.

Xatırladaq ki, bu nəticədən sonra “Turan Tovuz” 32 xalla Premyer Liqanın yarış cədvəlində 4-cü, “Kəpəz” isə 14 xalla 9-cu sırada qərarlaşıb.

Seçilən
16
17
arena.az

10Mənbələr