AZ

Mərsiyə

1990-cı il yanvarın 20-də Azərbaycanda törədilmiş qətliamdan 35 il keçir. O zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Ümumilikdə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. 

Modern.az saytı mərhum Xalq şairi Qabilin 20 Yanvar faciəsinin ertəsi günü yazdığı "Mərsiyə" şeirini təqdim edir:

Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər!

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Öz Qızıl ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Kim görüb böylə, mərasim ola milyonlar ilə?
Bakı insan axınıyla dola milyonlar ilə,
Salına şanlı şəhidlər yola milyonlar ilə,
Analarla bacılar saç yola milyonlar ilə,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Qəbrin üstündə də heç kukla olar çanta ilə,
Ağ gəlinlik fatası... qırmızı al lenta ilə,
Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
Açınız tarixi, həm indi elə, onda elə...
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Düşdü dildən-dilə bu qətl, bu matəmgahımız,
Çatdı hər ölkəyə bu şərhi-bəyani ahımız,
Gördü aləm ki aman... cəlladımızmış şahımız...
Yoxsa da bir kəsimiz, vardı fəqət, Allahımız,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Hər qızıl güllü məzar - sinəmizin dağı, məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar!
Hər məzar qanlı beşik - laylaları ağı, məzar!
Dayanıb kam alacaq bizdən hələ yağı, məzar!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
Qan haçan yerdə qalıb, tazələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini...
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

21 yanvar 1990

Seçilən
4
modern.az

1Mənbələr