AZ

Naxçıvan MR: Yanvar, 1990

Bu gün hamımızın gözü qarşısında baş verən hadisələr sabahımızın tədqiqat materialıdır. Bəlkə də indiki hadisələr gözümüzün qarşısında baş verdiyindən və yaxud özümüz həmin hadisələrin iştirakçısı olduğumuzdan çoxumuza adi görünür. Sabah  isə indi qələmə alınan hər bir kiçik yazı böyük əhəmiyyət kəsb edəcək. Bütün bunları götür-qoy etdikdən sonra 1990-cı ilin yanvarında Naxçıvanda baş vermiş hadisələri çözələmək, iştirakçısı olduğum bəzi məqamları sizinlə bölüşmək istəyirəm.

1989-cu ilin dekabrındakı sərhəd hərəkatı Naxçıvan Muxtar Respublikasını siyasət aləminin maraq dairəsinə çevirmişdi. 31 dekabr hadisəsindən, Azərbaycanın Şimalı ilə Cənubunu bölən tikanlı məftillər bu bölgədə aradan qaldırıldıqdan sonra – dünyaya pəncərə açıldı. Cənublu qardaşlarımızla qovuşmağımız imperiya siyasətinin bir çox sirlərini açıqladı. Muxtar Respublikanın qapıları xarici jurnalistlərin üzünə açıldı. Onlarla peşə yoldaşı kimi söhbətlər edir, SSRİ-nin xaricində və daxilində baş verən demokratik proseslər haqqında geniş məlumatlar öyrənir, sabaha, Azərbaycanın gələcəyinə nikbinliklə baxırdıq. Bir tərəfdən də Daşnaksütyun, Sov. İKP, DTK tərəfindən bəhrələnən, himayə edilən ermənilər sərhədlərimizdə yerləşən kəndlərimizə hədə-qorxu gəlir, könüllü müdafiəçilərimizlə ara-sıra atışırdılar.

Sərhəd məftilləri aradan götürüldükdən sonra mərkəzin, Moskvanın susması nə isə deyirdi. Nəhayət, 1990-cı il yanvarın 2-də Moskva öz sözünü dedi: Mərkəzi televiziya ilə SİTA-nın məlumatı yayıldı. Guya ki, bir qrup narkoman, qeyri-sabit qüvvələr SSRİ-nin dövlət sərhəddini vəhşicəsinə dağıdaraq dövlətə həddində çox maddi ziyan vurub. Lakin həmişə gözləmə mövqeyi tutan, MK və DTK-nın göstərişlərindən sonra hərəkətə gələn sovet informasiya vasitələri gecikmişdilər. Naxçıvan jurnalistləri  dəmir çəpərin götürülməsi barədə məlumatları dünya informasiya agentliklərinə vaxtında, operativ şəkildə çatdırmışdılar. Artıq müxtəlif ölkələrin jurnalistləri öz sözlərini demiş, hadisə ilə yerindəcə maraqlanmaq üçün Naxçıvana gəlmişdilər.

Yanvar hadisələri içərisində yadda qalan siyasi əhəmiyyəti ilə seçilən hadisələrdən biri də Sov.İKP MK katibi Girenkonun başçılığı ilə Azərbaycan KP MK-nın 1 katibi Ə.Vəzirovun da daxil olduğu nümayəndə heyətinin Muxtar Respublikaya səfəri oldu. Əslində Azərbaycanda və MP-də baş vermiş, baş verəcək hadisələri öyrənmək, müxtəlif vasitələrlə həmin hadisələrə təsir göstərmək məqsədi güdən nümayəndə heyəti MP-nin hər bir yerində tənqid və ifşa hədəfinə çevrildi. Nümayəndə heyəti Girenkonun, Nişanovun və Lobkonun rəhbərliyi ilə üç dəstəyə bölünərək rayon və şəhərlərə yollandılar. Nümayəndə heyətinin Ordubada gedən dəstəsində mən də iştirak edirdim. Həmin dəstənin rəhbəri Sov. İKP MK təşkilat şöbəsi müdirinin müavini Lobko idi.

Ordubad Rayon Partiya Komitəsində keçirilən görüşdə partiya-təsərrüfat fəalları ilə birgə xalq nümayəndəsi Rəfael bəyin maraqlı çıxışı, gətirdikləri faktlar Moskva nümayəndələrinin “maraq dairəsinə” çevrildi. 70 ildə Azərbaycanın başına gətirilən bəlalardan, son nəticədə ermənilərin vasitəsilə mərkəzin azərbaycanlılları əzməsi prosesini daha da gücləndirməsindən, yerli kommunist rəhbərlərin millətin taleyinə biganəliklərindən faktlar söylənildi. Həmişə imperiya siyasəti yeritməyə adət etmiş kommunist ideoloqlar zəif məqamları tutmaqda ayıqdırlar. Elə Lobko da bu məqamdan istifadə edərək özünün qeyri-rus, belarus olduğunu gözə soxaraq yerli kommunist rəhbərlərini ittiham etdi. Bu ara Rayon Partiya Komitəsinin binası qarşısında keçirilən çoxminli mitinq də başladı. Bayırdakı gərginlik, içəridəki giley-güzar, ittihamlar bir-birini izləyirdi. Mitinqdə mərkəzin Azərbaycana qarşı yönəltdiyi bədxahlıqları açıqlayır, imperiya boyunduruğundan xilas olmaq üçün millətin birliyindən, sabaha mütəşəkkil hazırlanmasından danışan natiqlər bir-birini əvəz edirdilər.

Nəhayət görüş tələm-tələsik yekunlaşdırıldı. MK-nın Şöbə müdirinin müavini mitinqə-xalqa mərkəzin və özünün sözünü deməyə dəvət olundu. Özünün qeyri rusluğunu elan etməklə sözə başlayan mərkəz nümayəndəsi mitinq iştirakçılarının sualları qarşısında çıxılmaz vəziyyətə düşdü. Xalqın ittihamı isə ağır olur.

Mitinqdə yadda qalan məqamlardan biri Moskva nümayəndəsinin sakit, lakin hərbi xarakter daşıyan “sərhəd məftillərinin əvəzində daha müasir qurğuların, lazer şüası ötürən qurğuların qoyulmasından, dəyən ziyanın MR hesabına ödəniləcəyi” ifadələrini işlətməsi oldu. Mitinq iştirakçılarının əksəriyyətini təşkil edən qadınlardan biri bildirdi ki, bəsdir hədə-qorxu gəldiniz. Bizim oğullar, Həcər qeyrətli qızlarımız heç nədən qorxub çəkinməyəcəklər. Tikanlı məftillər arasında yaşadığımız, canbir-qanbir cənublu qardaşlarımızdan ayrı düşdüyümüz yetər.

Moskvadan gələnlər Azərbaycanın iki hissəyə parçalandığını, sanki ilk dəfə Naxçıvanda eşitdiklərinə təəccübləndilər də. Guya ki, belə bir həqiqətin olmasından da xəbərləri yoxdur. Demə, dünyanı lərzəyə salan imperiya siyasətçiləri, təxribat və şantaj ustaları, DTK işçiləri tarixin bu eybəcərliklərindən xəbərsizmişlər .

Səhərisi gün yanvarın 6-da Girenkonun rəhbərliyi ilə Vilayət Partiya Komitəsində partiya-təsərrüfat fəallarının  yığıncağı keçirildi. Moskvadan gələnlərin mövqeyi aydın idi.  Soydaşlarımızın öz ağaları qarşısında verdikləri vədlər, canbir-qanbir övladlarının ünvanlarına yağdırdıqları böhtanlar hər bir eşidəni dəhşətə gətirirdi. Beynəlmiləlçilikdən, kommunist ideyalarına sədaqətdən dəm vuran yerli kommunist rəhbərlər tarixi prosesi görməkdən çox-çox uzaq idilər.

Fəallar yığıncağı gedən zaman Vilayət Partiya Komitəsi binasının qarşısı MR-in rayon və şəhərlərindən gələn minlərlə insanla dolu idi. Böyük-kiçik, qoca-cavan Əbdürrəhman Vəzirovun xalqın qarşısına çıxmasını tələb edirdilər. Bu yalnız şəhər partiya komitəsinin binası qarşısında mümkün oldu. Orada çağırılmamış “möhtərəm” qonaqlarla xalq nümayəndələrinin görüşü mərkəz ağalarına, həmçinin onların yerli buyruqçularına bir daha sübut etdi ki, Azərbaycan xalqı mütəşəkkil birliyə sahibdir. 

Moskva nümayəndələri Naxçıvandan qayıtdıqdan sonra Bakıda olduğu kimi Muxtar Respublikada da hadisələr günü-gündən gərginləşməyə başladı. Demək olar ki, hər gün Ermənistanla sərhədlərimizdən bəd xəbərlər eşidilirdi.

Yanvarın 18-də Şərur rayonunda televiziya üçün veriliş hazırlamağa getmişdik. Məqsədimiz Ermənistandan, öz ata-baba yurdundan didərgin salınmış soydaşlarımızın yerləşdirilməsindən, onların sosial qayğılarından kino-sujetlər hazırlamaq idi. Öz işimizi qurtardıqdan sonra jurnalist dostum Hüseyn Əsgərovla Sədərəyə də baş çəkməyi qərarlaşdırdıq.  Düzü 1989-cu il dekabr 29-da Kərki kəndində olmuşdum. Demək olar ki, kənd boşalmışdı. 14 kişi qalmışdı. SSRİ daxili qoşunlarının bir vızvodu və Kərkili dostum Oqtay Baxşəliyevin başçılıq etdiyi AXC müdafiəçiləri kəndi mühafizə edirdilər. Şərurda olarkən onları görmək, yaxud vəziyyətləri haqqında xəbər tutmaq arzusu ürəyimi çəkdi. Sürücümüz Seyid maşınını birbaşa Sədərəyi Armaşla ayıran milis postuna sürdü. Bizim milislərlə görüşdük, hal-əhval tutduq. Bildirdilər ki, Kərkidə vəziyyət gərgindir Biraz bizdən əvvəl isə Ermənistan tərəfdən Royter agentliyindən jurnalistlər gəlmişdilər, çəkmək istədilər, icazə vermədik, qayıdıb getdilər. O tərəfdə çaxnaşma müşahidə edirik, yenə SSRİ daxili qoşunları əsgərləri, saqqallılar, gavurlar nə isə törədəcəklər. Məntəqədə bir neçə silahlı milisin azlıq etdiyini bildirdik. Dedilər ki, cəbhənin müdafiəçiləri şərab zavodundadırlar. Onlara da baş çəkdik. Dəmirçi kəndinin uşaqları idilər. Əhval-ruhiyyələri bizim də nigarançılığımızı azaltdı.

Günortadan azca keçmişdi. Sədərək müdafiəçilərinin qərərgahına da baş çəkdik. Düzü sərhəddəki gərginlik kəndin mərkəzində hiss olunmurdu. Qərərgahda müdafiəçilərlə görüşdük. Tanıdığım Ələsgər həkim sərhəddə idi. Kərki ilə, Oqtay bəylə danışmaq istədiyimizi bildirdik. Onlar Kərki ilə telefon əlaqəsinin kəsildiyinə təəssüfləndilər.

Şərur rayon rəhbərliyinin təşkil etdiyi, necə deyərlər, “dövlət qərargahına” getdik.  (Qəsəbə məktəbində yerləşirdi.) Burada Rayon Partiya Komitəsinin ikinci katibi Pənahov, Vilayət Partiya Komitəsinin nümayəndəsi Şükürov və Nazirlər Sovetinin nümayəndəsi Süvanverdiyev ilə görüşdük. Şərab zavodu tərəfdə atışma səsi eşidilirdi. Nümayəndələr dedilər ki, ermənilər başlayıblar, özü də çox güclüdürlər. Birazdan milis məntəqəsində görüşdüyümüzü milis mayoru (adını unutmuşam) həyəcanlı halda özünü yetirdi. “Kömək edin, gavurlar məntəqəni dağıtdılar. Belə getsə, şərab zavodunu da götürəcəklər”, Raykom katibi qərargahdakı SSRİ daxili işlər qoşunu dəstəsinin bölmə komandirinə ermənilərin qarşısını almaq məqsədi ilə müraciət etdi. O, komandanlıqdan əmr verilməyincə bu məsələyə qarışmaq iqtidarında olmadıqlarını bildirdi. Halbuki bu qoşun hissəsi milli qarşıdurmanın qarşısını almaq üçün sərhəddə yerləşdirilmişdi. Xərcləri də Azərbaycan hökumətinin üzərində idi.

Qərargaha məhsul şəxslər Şərur rayon Partiya Komitəsi, Vilayət Partiya Komitəsi ilə, onlar da yəqin ki, daha yuxarılarla əlaqə saxladıqdan sonra təxminən bir-iki saat keçmiş daxili qoşunların komandiri gəlib çıxdı. Kiminləsə ratsiya vasitəsilə əlaqə saxladı. Həyəcan siqnalı verildi. Öyrəndik ki, ermənilər Kərkini götürüblər.

Ordakıların hamısına aydın oldu ki, Sovet ordusu bizi erməni təcavüzündən xilas etməyəcək, əksinə gözləmə mövqeyi, Azərbaycan rəhbərliyinin mənsəb düşkünlüyü Naxçıvanı zərbə altında qoyacaq.

Axşama yaxın atəş səngidi. Onu da qeyd edim ki, bu müddətədək Muxtar Respublikanın hər yerindən əlisilahlılar köməyə gəlmişdilər. Silahlıların əksəriyyəti bir neçə ay əvvəl təşkil edilmiş xalq müdafiə dəstələrinin üzvləri idi. Vaxtilə bu dəstələr təşkil ediləndə Sovet ordusuna ümid bəsləyən Respublika rəhbərləri müdafiə dəstələrinin yaradılmasını pisləyir, ümumiyyətlə, Azərbaycan Xalq Cəbhəsinin fəaliyyətinin dayandırılması üçün min bir məkrli şaiyələr yayır, ayrı-ayrı xalq öncüllərinə böhtanlar yağdırırdılar. Yetmiş il ərzində kommunistlərin uydurma və böhtanlarından cana doymuş xalq onlara inanmır. AXC-nin hər bir çağırışına inamla qoşulur, “öldü var, döndü yox” prinsipi ilə imperiyaya qarşı yönəldilmiş tədbirlərdə iştirak edirdilər. Sədərəyin müdafiəsinin mütəşəkkilliyi məhz AXC yerli bölgələrinin apardığı ardıcıl tədbirlərin nəticəsi idi.

Yanvarın 19-da səhər tezdən erməni quldur birləşmələri Sədərəyi raket atəşinə tutmağa başladılar. Düşmənin atəş nişangahı kənd evləri, indiki Heydərabad qəsəbəsi idi. İlk həyəcan siqnalı Muxtar Respublikanı kənd-kənd, məhəllə-məhəllə dolandı. Kənd evləri raket atəşindən dağılırdı. Elə bu həyəcanlı anlarda Sədərəkdə Tofiq müəllimin iki qönçə körpəsi həlak oldu. Kənd əhalisi, ilk növbədə uşaqlar, qocalar və qadınlar atəş altından çıxarılırdı. Elə bu dəhşətli anlarda sanki Sədərəyə tərəf maşın axını başladı. Düşmənə nifrət hissi ilə Sədərəyə köməyə gələnlərin ardı-arası kəsilmirdi. İlk saatlarda qarma-qarışıqlıq, qeyri-mütəşəkkillik özünü göstərsə də, müdafiə dəstələri döyüş mövqelərini tutmuşdular. Əlisilahlı, əliyalın adamların axını isə davam edirdi. Bizim çəkiliş qrupumuz isə bütün bu hadisələri lentə köçürürdü. Döyüş mövqelərinə getməyə imkan düşən kimi maşınımızı “Koroğlu” bulağının yanına sürdük. Buradan biraz yuxarıda müdafiəçilərimiz öz mövqelərini möhkəmləndirmişdilər. Şərab zavodu tərəfdə isə düşmən xeyli irəliləmişdi. Orada olan müdafiəçilərimiz geri çəkilmişdilər. İlk itkimiz də bu sahədə oldu. Milis baş zabiti Məhərrəm Seyidov qəhrəmancasına şəhid olmuşdu. O, mühasirəyə düşmək təhlükəsində olan milis yoldaşı Azər Seyidovu qoruyarkən sinəsini düşmən gülləsinin qabağına vermişdi. Bu itki sanki müdafiəçilərimizi düşmənə qarşı amansız olmağa səsləyirdi. Onlar düşmənin güclü texnikasına qarşı ov silahları və bir də türkün qeyrəti ilə çıxmışdılar. Həmin gün Şərur rayonunun Yenikənd kəndindən (indiki Şəhidməmməd) Məhəmməd Əli oğlu Məmmədov, Oğlan Qala kəndindən Mirhəşim Mirşəmil oğlu Seyidov, Dəmirçi kəndindən Etibar Rzaqulu oğlu Əhmədov şəhid oldular. Sədərəyin müdafiəsində Naxçıvan şəhərindən İdris Ələsgər oğlu Məmmədov və Babək rayonundakı Əliabad kəndindən Abbasəli Qaragöz oğlu Nəzərəliyev vətən torpaqlarını öz sinələri ilə qucdular. Beləcə, ilk şəhidlərimizin qeyrəti, şücaəti, müdafiəçilərimizə bəxş etdikləri hünər sayəsində düşmənin qanlı hücumunun qarşısı alındı.

19 yanvar bir də onunla naxçıvanlıların yaddaşında qalacaq ki, həmin gün imperiya zəncirinin Naxçıvan həlqəsi qırıldı. Məhz həmin gün dünyaya meydan oxuyan Sovetlər Birliyinin monolitliyi sarsıldı . Naxçıvan MSSR   SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi.

Həmin günlər nədənsə Naxçıvan MSSR-nin əsas rəhbər vəzifəliləri Muxtar Respublikanı tərk etmişdilər. Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi Afiyəddin Cəlilov və Ali Sovet Rəyasət Heyətinin sədri Səkinə xanımdan başqa. Məhz 19 yanvarda xalqın təzyiqi ilə Ali Sovetin sessiyası çağırıldı. Sessiya səs çoxluğu ilə Naxçıvan MSSR-in SSRİ tərkibindən çıxaraq özünü müstəqil dövlət elan etməsi barədə qərar qəbul etdi. Elə həmin gün yanvarın 19-dan 20-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti İran İslam Respublikasına getdi. Nümayəndə heyətinə xalq cəbhəsinin öncülləri – Sərdar Məmmədov, Sülhəddin Əkbərov, Əli Şamilov, Abbasqulu (soyadını unutmuşam), Naxçıvan MR Nazirlər Sovetinin xarici əlaqələr şöbəsinin müdiri Yadigar Babayev daxil idilər. Biz isə belə qərara aldıq ki, nəyin bahasına olursa olsun, Ali Sovetin qərarı “Şərq qapısı”nın növbəti nömrəsində dərc edilsin və həmin gün televiziyada oxunsun. Qərarı Ali Sovet Rəyasət Heyətinin sədri Səkinə xanım Əliyeva Naxçıvan televizyası ilə oxudu. Qəzetə gəlincə iş biraz çətinə düşdük. Naxçıvan mətbəəsinin əməkdaşı Lətafət xanımla yanvarın 20-nə keçən gecə saat 3-dək mətbəə işçilərini mətbəəyə yığdıq. Linotipçilər və səhifələyicilər və digər işçilər öz yerlərində idi. Redaktor, M.C.Qorbaçovun həmin günlərdə Moskvada etdiyi məruzələrdən birini səhifəyə qoyulmasını təkid edirdi. Biz və mətbəə işçiləri isə etiraz edirdik. Xalqımızın qatillərinin məruzəsini çap edə bilməzdik. (Bakı qırğını haqqında məlumat almışdıq) Həm də müstəqil respublikanın öz qəzeti olması məsələsi ortaya çıxdı. Redaktor bizim fikrimizlə razılaşmayıb “özünüz bilərsiniz” deyib getdi. Qəzetin məsul katibi Afiq Haqverdiyev, jurnalistlərdən Yadulla Musayev, Namiq Cəlilov, Əli Rzayev, Tofiq Seyidov, Qahirə Hüseynova, Yaşar Seyidov, Fəsahət Hüseynov və başqaları ilə birlikdə müstəqil Naxçıvan Muxtar Respublikasının müstəqil qəzetinin ilk nömrəsini yanvarın 20-də oxuculara çatdırdıq. Beləliklə, qəzetin 8 nömrəsini çıxardıq. Həmin nömrələrdə təkcə Naxçıvan MR-nın həyatından deyil, Azərbaycanın, həmçinin dünyanın hər yerindən xəbərlər və məqalələr çap olunurdu.

Çox yaxşı yadımdadır Naxçıvan MR Vilayət Partiya Komitəsinin təbliğat şöbəsinin müdiri Eynulla Mədətov sərhəddən gözəl bir yazı yazmışdı. Yoldaşlar onun yazısını vermək istəmirdilər. Mənim təkidimlə yazını səhifəyə qoyduq. Yaxşı nəticəsi oldu. Ümumi işə nəzarət edir, informasiyalar hazırlayır, 8 dildə orta dalğada Naxçıvan radiousu ilə efirə verirdik. Yanvarın 27-də son dəfə efirə çıxa bildik. Bundan sonra Naxçıvana kommendant təyin olduğundan imkan verilmədi. “Şərq qapısı” qəzetinin isə yanvarın 28-də 8-ci nömrəsini buraxmağa nail olduq. Naxçıvanın müstəqil 8 günü ərzində siyasi əqidəsindən asılı olmayaraq hamı xalq cəbhəsi ətrafənda sıx birləşmişdi. Həmin günlər kommunistlər partiya biletlərindən imtina edir, ilk partiya təşkilatları buraxılırdı. Hamı 19-20 yanvar Bakı faciəsinin qurbanlarına matəm saxlayırdı.

Lakin belə bir vaxtda yanvarın son günləri və fevralın əvvəllərindən DTK əməkdaşları və kommunist rəhbərlər təbliğat aparatlarını işə sala bildilər. İradəcə zəif kommunistlər yenidən partiya üzvlüyünə bərpa edilir, adamlar arasında ikitirəlik salınır, Azadlıq ehtirası ilə yanan vətənpərvərlərə böhtanlar atılırdı. Yanvarın 28-dən sonra bir müddət sakitlik yaranmağa başladı.  Lakin ermənilər sərhədlərimizdə öz təxribatlarını davam etdirirdilər. MR vətəndaşları yerli rəhbərlikdən sərhədlərin möhkəmləndirilməsi, əhalinin müdafiəsinin təşkilinin təmin olunmasını tələb edirdilər. Yanvar hadisələrinin nəticələri hər kəsi ayıq-sayıq olmağa, vətən torpağını canları, qanları ilə qorumağa hazır olmağa təhdid edirdi. Bu AZADLIĞA gedən yolun imtahanı idi.

Telman Quliyev,
Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədri

Seçilən
13
ikisahil.az

1Mənbələr