AZ

Gənc nəsil bu tarixi öyrənməli və heç vaxt unutmamalıdır - Şərh

Bakı, 20 yanvar, AZƏRTAC

Otuz beş il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının taleyində yeni mərhələ başladı. Azadlığı və müstəqilliyi uğrunda mücadiləyə qalxan xalqımız SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusunun zorakılığı ilə üzləşdi. Belə ki, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda ümumilikdə, 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

Deputat bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya, Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan, müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. "SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 mindən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmişdi. Məqsəd xalqın azadlıq və müstəqillik arzularını boğmaq idi.

Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında isə əhaliyə məqsədli şəkildə məlumat verilməmişdi. Bakı şəhərinin komendantı fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı kütləvi insan qırğını törədildikdən sonra açıqladı. Mərkəzi hakimiyyət informasiya blokadasından istifadə edərək, əsl həqiqəti ört-basdır etməyə çalışdı. Lakin buna nail ola bilmədi. Belə ki, faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etdi, bu ədalətsizliyə qarşı öz səsini ucaltdı”.

O qeyd edib ki, Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.

1994-cü il martın 29-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu.

Prezident İlham Əliyev də Qanlı Yanvar faciəsini xalqımıza qarşı böyük cinayət adlandırıb. Ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət yetirilir. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün sosial müdafiə sistemi formalaşıb. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, bu hadisə ilə əlaqədar əlilliyi olanlara mənzillər, avtomobillər təqdim edilib.

Deputat əlavə edib ki, gənc nəsil bu tarixi öyrənməli və heç vaxt unutmamalıdır. Məhz 20 Yanvar faciəsi nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya bəyan etdi.

Seçilən
11
azertag.az

1Mənbələr