1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə... Vətənin qorxmaz, cəsarətli övladları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Bu tarix xalqımızın yaddaşında hüzn və şərəf günü kimi əbədi həkk olundu. Həmin gecə arzuları yarımçıq qalmış şəhid məktəblilərimizin də həyatı qəhrəmanlıq dastanına çevrildi...Şəhid Larisa Məmmədovanın təhsil aldığı 132-134 nömrəli təhsil kompleksindəyəm...TehsilForumu.Az "Azərbaycan müəllimi"nə istinadla bildirir ki, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Könül Səfərova Larisanı tanıyanlardandır. Bacısı Larisa ilə eyni sinifdə, ancaq ayrı bölmələrdə oxuyub: “Mən onunla mütəmadi söhbətdə olmasam da, bacım Larisanı daha yaxından tanıyırdı. O, çox fədakar qız idi, onda vətənpərvər hisslər yüksək idi”. Larisaya dərs deyən müəllimlərin artıq fəaliyyət göstərmədiyini deyən Könül Səfərova onun bacısı Nərminə Nəsirovanın bu məktəbdə müəllim işlədiyini dilə gətirir. Təbii ki, onu görmək, onunla həmsöhbət olmaq üçün səbirsizləndim. Amma ondan öncə müəllim ilə uşaqların məşq etdikləri zala daxil oluram. Məktəblilər coşqu ilə tədbir üçün hazırlıqlar görürlər. Onlar böyük qürur hissi ilə bədii kompozisiyanın məşqlərini edirlər. Larisanı, onun anası, atası, bacı və qardaşının obrazlarını canlandırırlar. Kənarda dayanıb onlara mane olmadan səhnələrini izləməyə başlayıram. Həmçinin məktəblilər digər səhnəcikləri - 20 Yanvar qurbanlarından İlqar İbrahimov, Svetlana Məmmədova, Ələsgər Qayıbov, Ülvi Bünyadzadənin adı ilə danışır, fikirlərini səsləndirirlər.“Mən, Larisa bu yaşımda ölümün nə olduğunu bilmirdim. Axı məni evdə anam gözləyirdi”.“Mən, İlqar İbrahimov, həmin gecə dostum Zakir ilə birlikdə odun yığırdım. Nə biləydim ki, bu körpə əllərimlə yığdığım odunlar ünvanına çatmayacaq. Narahat deyiləm. Çünki mən ən müqəddəs adı qazandım”.“Mən, Svetlana Məmmədova, səhər işə gedərkən ölüm haqqında düşünmürdüm. Biz alimlərin ürəyi yeni kəşflər, ixtiralar üçün çırpınırdı. Mən Azərbaycanda kimya üzrə ilk qadın alim, 100-dən çox elmi əsərlər, 40-dan çox ixtiranın müəllifi, ən əsası bir qız övladı anası. Hələ mənim çox arzularım var idi”.“Mən, Ələsgər Qayıbov, Azərbaycan İnşaat Universitetinin II kurs tələbəsi idim. Hələ mənim 24 yaşım vardı. O gecə xeyli yaralıya kömək edərək xəstəxanaya aparmışdım. Nə biləydim ki, eyni taleyi az sonra özüm də yaşayacağam”.“Mən, Ülvi Bünyadzadə, Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi idim. Yaxşı tərcümələr edir, şeirlər yazırdım. Təəssüf ki, mən də xalqıma edilən haqsızlığın qurbanı oldum”.Larisa obrazını canlandıran 7-ci sinif şagirdi Xumar Hacıyevadır. O deyir ki, bu obrazı canlandırmağı özü istəyib. Larisanın oxuduğu məktəbdə təhsil almaq onu qürurlandırır: “Onun kimi vətənpərvər, xalqını, millətini sevən biri olmaq mənim əsas hədəfimdir. Larisanın həyatdakı rolunu səhnədə oynamaq belə məni həyəcanlandırır və həmçinin məndə məsuliyyət hissi yaradır”.Təhsil ocağında Larisa ilə bağlı guşə hazırlanıb. Burada uşaqlıq, ailə, məktəb fotoları yerləşdirilib. Larisanın adını əbədiləşdirmək məqsədilə yaradılan guşəyə məktəbin şagirdləri mütəmadi olaraq baş çəkir, onun haqqında daha ətraflı məlumat toplayırlar. Təhsil müəssisəsinin rəhbərliyi, pedaqoji kollektivi və şagirdlər onun xatirəsini hər zaman ehtiramla anır. Larisanın vətənə olan sevgisi, vətənpərvər mücadiləsi bu təhsil müəssisəsində oxuyan hər bir məktəbli üçün nümunə olmalıdır.“Larisa bir şagird kimi dənümunəvi olub”Larisanın bacısı Nərminə Nəsirova bu məktəbin ibtidai sinif müəllimidir. O, bacısını xatırlamasa da, onun şücaəti ilə qürur duyur. Larisa ən ali mənsəbə - şəhidlik zirvəsinə ucalanda o, 4 aylıq körpə olub. Danışarkən gözləri dolan N.Nəsirova deyir ki, mən evin sonbeşiyi, o isə ilki idi: “Anam həmişə deyir ki, o mənim qayğıma çox qalırdı. Bu hadisə anam üçün böyük itki olub. Biz onu təkcə 20 yanvarda yad etmirik, başqa günlərdə də ziyarət edirik. Onu tanıyanlar mənə deyirlər ki, Larisa çox sakit, tərbiyəli, mülayim uşaq olub. Atam Fərman Məmmədov 2 saylı avtobazada kortej rəisi işləyirdi. Həmin gün Larisa da atamla birlikdə işə gedib. Əsgərlər atamla Larisanın oturduqları avtobusu gülləbaran etmişdilər. Atam ayağından, bacım isə ürək nahiyəsindən güllə yarası almışdı. Atamı xilas etmək mümkün olmuşdu, lakin bacım yerindəcə həlak olmuşdu. Larisa bir şagird kimi də nümunəvi olub. Dərslərini yaxşı oxumaqla yanaşı, toxuculuq, tikiş dərnəklərinə gedib. Pianoda ifa etməyi bacarır, eyni zamanda gözəl rəsmlər çəkirdi. Həmçinin mən də, mənim övladlarım da rəsm çəkə bilir. Düşünürəm ki, onun istedadı bizə də ötürülüb”.“O zaman atılan güllələrdənbiri də İlqara dəyir”Larisanın oxuduğu məktəbdən ayrıldıqdan sonra İlqar İbrahimovun oxuduğu 167 nömrəli məktəbə üz tuturam. Məktəbin içərisinə daxil olan kimi dəhlizdə İlqarın rəsmlərindən ibarət, eyni zamanda qanlı və şərəfli tarixə aid müxtəlif portret, rəsmlər olan stendlərə, divardakı İlqarın şəkli əks olunan portretə diqqətlə baxıram. Mənimlə həmsöhbət olan məktəbin məktəbənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Rəna Yarəhmədova deyir ki, həmin portreti məktəbin şagirdləri muncuqdan hazırlayıblar: “Bu təhsil müəssisəsinin rəhbərliyi, kollektivi və təbii ki, şagirdlərinin təşəbbüsü ilə məktəb İlqar İbrahimovun adını daşıyır. İlqarın bacısı Səbinə əvvəllər bu məktəbdə müəllim işləyib. Onun oğlanları İlqar və Hüseyn də burada təhsil alıblar. İlqarın adını daşıyan bacısı oğlu artıq məktəbi bitirib, Hüseyn isə hələ də davam edir”.Məktəbin ilk şəhidi - cəmi 14 yaşı olan İlqar İbrahimovu bu məktəbdə hələ də nümunəvi şagird kimi xatırlayırlar. İlqarın müəllimi Sevil Salaxova həmin hadisədən danışır: “Gecə vaxtı oyanan İlqar görür ki, qonşular maşına oturub 20 Yanvar istiqamətində yol alırlar. Bu da kömək eləmək məqsədilə getmək istədiyini vurğulayır. Eləcə də yardım üçün odun yığıblar. Valideynlərindən xəbərsiz 20 Yanvar istiqamətinə yollanır. Onlar Biləcəri tərəfdən tankların gəldiyini bilmirdilər. O zaman atılan güllələrdən biri də İlqara dəyir”. Çox ağıllı, təmkinli, sinif yoldaşlarına, müəllimlərinə qarşı hörmətli, duyğulu şagird olub.Təkcə Larisa, İlqar deyil, digər şagirdlərimiz Veranı, Nərimanı da xalq heç vaxt unutmayacaq. Belə ki, həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Qədirbilən xalqımız Vətən yolunda canından keçən qəhrəmanlarını unutmur, onların xatirəsini daim yaşadır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta