AZ

Mərkəzi Gömrük Hospitalında Ümumxalq Hüzn Gününə həsr edilmiş anım mərasimi keçirilib

Bakı, 20 yanvar, AZƏRTAC

Mərkəzi Gömrük Hospitalında 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, tibb xidməti polkovniki Bəxtiyar Musayev və Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti mayoru Nahidə Mahmudova xalqımızın müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri zamanı keçmiş sovet ordusunun hərbi hissələrinin dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş qətliam barədə çıxış ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, 35 il əvvəl yanvarın 19-dan 20-ə keçən gecə Bakıda və respublikamızın müxtəlif bölgələrində baş verən hadisələr xalqımızın milli mübarizə tarixinin mühüm səhifələrindən biridir. Ulu Öndər Heydər Əliyev hadisənin ertəsi günü Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı törədilmiş bu qanlı cinayəti ifşa edərək, törədilən terroru kəskin şəkildə pisləmiş, əliyalın xalqa qarşı törədilən terrorun hüquqa, demokratiyaya və insanlığa zidd olduğunu bəyan etmişdir. O, Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldaraq bütün siyasi fəaliyyəti dövründə 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutub və şəhid ailələrinə olan diqqət və qayğını dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına və şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət yetirir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası əliyalın vətəndaşlarının üzərinə tanklarla və digər ağır texnikalarla hücuma keçib milli qırğın törətsə də, əslində məğlub oldu, Azərbaycanda özünün bütün siyasi, sosial və hüquqi dayaqlarını itirdi: “Azadlıqsevər xalqımızın əzmini və iradəsini qırmaq isə mümkün olmadı. Məhz 20 Yanvar hadisəsindən sonra Azərbaycanın azadlığı və müstəqilliyi ideyası xalqımızın ümummilli amalına çevrildi və bu amal uğrunda mübarizə 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə nəticələndi. Hər il ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunur, Azərbaycan dövləti və xalqı azadlığımızın və müstəqilliyimizin simvoluna çevrilən 20 Yanvar şəhidlərinin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir və xatirəsini hər zaman əziz tutur”.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxışında həmin hadisənin xalqımızın həyatında şərəfli bir səhifə, milli azadlıq hərəkatının zirvəsi kimi dəyərləndirərək bildirib ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində və 1994-cü il martın 29-da ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində siyasi-hüquqi qiymət verən qərarlar qəbul edilib, faciənin günahkarları qeyd olunub və Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilən hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim, tibb xidməti polkovniki Bəxtiyar Musayev qanlı şənbə gecəsi sovet ordusunun paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc və günahsız insanları gülləbaran etməsi, həmin gecə digər tibb işçiləri ilə bərabər vəzifə borclarını vicdanla yerinə yetirərək çox çətin şəraitdə yaralılara göstərdikləri yardım, yaralılar üzərində icra etdikləri əməliyyatlar, dəhşətli faciədən əvvəl Azərbaycan Televiziyasının enerji blokunun partladılması və şahidi olduğu hadisələr barədə xatirələrini danışıb.

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin tibb qardaşı, tibb xidməti giziri Vüsal Şahverdiyev görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirib.

Mərasim 20 Yanvar hadisələrindən bəhs edən bədii-sənədli filmin nümayişi ilə başa çatıb.

Seçilən
22
50
azertag.az

10Mənbələr