Dünəndən etibarən Qəzzədə atəşkəs rejimi qüvvəyə minib. Lakin səhər saatlarında bəzi narahatlıqlar var idi ki, atəşkəs baş tutmaya bilər.
Bu barədə politoloq Şakir Ağayev News365.az-a danışıb.
Onun sözlərinə görə, atəşkəs baş tutmamasının səbəbi HƏMAS liderləri İsrailə əsirlərin siyahısını təqdim etməyib:
"Səhər saatlarında müəyyən qeyri-müəyyənlik var idi. Çünki HƏMAS liderləri İsrailə əsirlərin siyahısını təqdim etməmişdilər. Digər tərəfdən, İsrail hökumətində də ciddi fikir ayrılıqları mövcud idi. Nazirlər Kabinetinin bəzi üzvləri atəşkəs sazişinin təsdiqlənməsini istəmirdi. Xüsusilə İsrailin Milli Təhlükəsizlik naziri buna açıq şəkildə etiraz edirdi və o, dünən istefa verdi.
HƏMAS 3 girovun siyahısını İsrail tərəfinə təqdim etdi. Daha sonra axşam saatlarında girovlar Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinə təhvil verildi. Bunun ardınca İsrail rəsmi şəkildə atəşkəsə riayət etdiyini elan etdi. Lakin səhər saatlarında Qəzzə bölgəsinə İsrail tərəfindən atəş açılması səbəbindən müəyyən gərginlik yaranmışdı.
Politoloq bu atəşkəsin əldə olunmasında beynəlxalq güclərin rolunun olduğu haqında da danışıb:
"Son dövrlərdə dünyada baş verən proseslər həm İsraili, həm də HƏMAS-ı atəşkəsə məcbur etdi. ABŞ Prezidenti Co Bayden bunu öz uğuru kimi qiymətləndirir. Donald Tramp da məsələyə müdaxilə edərək, atəşkəsin əldə olunmasını öz nailiyyəti kimi görür. Bununla belə, İsrail rəsmiləri bu uğuru nə Trampın, nə də Baydenin adına yazmaq istəmirlər. Onlar yalnız Trampa təşəkkür etdiklərini bildirirlər.
Münaqişə ərzində insan itkisi ilə bağlı hansı rəqəmlər mövcuddur?
" Təəssüf ki, müharibə müddətində 45 mindən çox insan həlak olub. Onların arasında qadınlar, uşaqlar və yüzlərlə jurnalist var. Əgər Bayden bu məsələdə uğur qazandığını iddia edirsə, o zaman bu qədər insan tələfatının qarşısını almaq üçün daha erkən addımlar ata bilərdi.
Trampın İsrailə münasibəti hər zaman müsbət olub. Onun İsrail Baş naziri Benyamin Netanyahu ilə sıx dostluq əlaqələri var. Bir müddət münasibətlərdə gərginlik yaşansa da, Netanyahu Trampın dediklərinə ciddi yanaşır. Trampın bəyanatları HƏMAS üçün ciddi təsir göstərdi və onları atəşkəsə getməyə məcbur etdi. O, dəfələrlə bildirib ki, əgər razılaşma əldə olunmazsa, Qəzzəni “cəhənnəmə çevirəcəyini” nəzərdə tutur. Təəssüf ki, 13 mindən çox uşağın ölümü ilə nəticələnən faciələr yaşandı."