AZ

Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbirləri keçirildi - FOTOLAR

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Ümumxalq hüzn günündə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. 

Dövlət Sərhəd Xidməti aparatında keçirilmiş anım tədbirində fotoqrafların faciədən lentə aldığı fotolardan ibarət sərgiyə hərbi qulluqçuların baxışı təşkil olunmuşdur. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Anım tədbirində 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunmuş, 20 Yanvar hadisələrinin xalqımızın istiqlaliyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanmışdır. 

Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı xüsusi qeyd edilmişdir.

Yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. 

Bildirilmişdir ki, Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılmışdır.

Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi, onların qisasının alınması vətənin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ruhlarını şad etmişdir.

Tədbirin sonunda “Tarixin izi ilə – Qanlı şənbə gecəsi” sənədli filmi nümayiş etdirilmişdir. 

Seçilən
3
2
Ajans.az

4Mənbələr