AZ

Zaqatalada 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anılıb

Zaqatala, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar yanvarın 20-də Zaqatala şəhərində keçirilən ümumrayon anım tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan kompleksin önünə qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızların xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən toplantının əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Çıxış edənlər Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvarın həm də xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu bildiriblər. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib. Həmin qanlı gecədə dinc əhaliyə misli görünməmiş divan tutulub.

Çıxışlarda faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

Saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seçilən
7
48
azertag.az

10Mənbələr