AZ

20 Yanvar şəhidinin atası: Oğlum əmisinin yolu ilə gedib, xalqına xidmət etmək istəyirdi

Salyan, 20 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC

20 Yanvar. Bu tarixi təkcə faciə, hüzn günü adlandırmaq olmaz, həm də xalqımızın müstəqillik, azadlıq, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təntənəsidir. Eyni zamanda, bütün dünyanı heyrətdə qoyan mərdlik, igidlik nümunəsidir. Azadlıq uğrunda ölümün gözünə dik baxaraq, canını fəda edənlərdən biri də Elçin İmanovdur.

AZƏRTAC xəbər verir ki, 1967-ci il avqustun 12-də Salyan şəhərində anadan olan Elçin Beydulla oğlu İmanov o gecə Bakıya yeridilən sovet ordusunun qarşısına çıxan əliyalın mübarizlərimizdən biri idi. Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin 4-cü kurs tələbəsi olan Elçin yanvarın 19-dan 20-nə keçən gecə tələbə yoldaşları ilə birgə leytenant Şmidt adına zavodun mədəniyyət evinin qarşısında toplaşmışdılar. Azğınlaşmış sovet imperiyasının əsgərləri silahsız insanlara atəş açanda o da yaralanıb və tələbə yoldaşları onu 4 nömrəli xəstəxanaya aparıblar. Həmin gecə Elçinin qardaşı Fuad da onunla birlikdə olub. Elçin aldığı ağır güllə yaralarından xəstəxananın reanimasiya şöbəsində şəhadətə ucalıb.

Şəhidin atası Beydulla İmanov deyir ki, Elçin əmisinin peşəsini seçmişdi. Onun kimi savadlı və peşəkar həkim olmaq istəyirdi: “Oğlum Şirvan şəhərində oxuyub. 1984-cü ildə məktəbi bitirdi, sənədlərini Tibb Univeristetinə verdi. Bir müddət hazırlaşıb, istədiyi fakültəyə qəbul oldu. Əmisinin yolu ilə gedib, xalqına xidmət etmək istəyirdi. Arzuları gözündə qaldı. Tələbələrlə birgə müstəqilliyimizi boğmaq istəyənlərə imkan vermədi. Bu mübarizədə qəhrəmancasına şəhid oldu. Sağ olsun dövlətimiz, oğlumun xatirəsi əbədiləşdirilib, adı məktəbə verilib, guşə düzəldilib”.

Bu gün Salyan şəhərində mərkəzi küçələrdən biri 20 Yanvar şəhidi Elçin İmanovun adını daşıyır. Onun Salyandakı məzarı isə bir and yeridir.

Seçilən
1
azertag.az

1Mənbələr