AZ

20 Yanvar – Qanla yazılan şərəf tarixi



Bəzən tarix elə hadisələr yaradır ki, onlar təkcə bir xalqın deyil, bütöv bir millətin ruhunu dəyişir, yolunu müəyyənləşdirir. 1990-cı ilin 20 Yanvar gecəsi də Azərbaycan xalqının taleyində belə bir dönüş nöqtəsi oldu. O gecə təkcə günahsız insanlar qətlə yetirilmədi, həm də xalqımızın azadlıq eşqi sınağa çəkildi. Lakin bu qanlı gecə bizi qorxutmadı – əksinə, bizi mübarizəyə daha da ruhlandırdı.

Sovet imperiyasının gücünü nümayiş etdirmək üçün Bakıya yeritdiyi qoşunlar qadın, uşaq, qoca demədən insanlarımızı amansızcasına qətlə yetirdi. Amma onların anlamadığı bir həqiqət vardı: qorxu ilə milləti sındırmaq olmaz! Həmin gecə şəhid olan hər bir insan, hər bir qəhrəman Azərbaycanın müstəqillik yolunda yandırılan bir məşələ çevrildi.

Mənim üçün 20 Yanvar sadəcə bir tarix deyil – mənim millətimin azadlıq ruhunun sübutudur. Həmin gün Vətənin azadlığı üçün canını fəda edən insanlar bugünkü müstəqil Azərbaycanın bünövrəsini qanları ilə yazdılar. Onlar bir gün öz Vətənlərinin müstəqil olacağını bilirdilər və bu yolda canlarından keçməyə hazır idilər.

Bu gün biz onların arzularını gerçəyə çevirmişik – Azərbaycan müstəqildir, güclüdür və əbədi var olacaq! Amma unutmamalıyıq ki, bu torpaqların hər qarışı şəhid qanı ilə suvarılıb. Bu, təkcə faciə deyil, eyni zamanda şərəf tariximizdir. Şəhidlərimiz bizə mübarizəni, iradəni, Vətən sevgisini miras qoydular. Vətəni qorumaq, onu daha güclü etmək, haqq səsimizi dünyaya çatdırmaq – bizim borcumuzdur.

20 Yanvar – şəhidlərimizin ruhu qarşısında baş əydiyimiz, amma eyni zamanda qürur duyduğumuz gündür! Qoy, onların qanı ilə yazılan bu tarix heç vaxt unudulmasın!

Şəhidlər ölməz, Vətən bölünməz!

Azər Yadigaroğlu
Seçilən
11
newscenter.az

1Mənbələr