Bakı, TurkicWorld
19 yanvar 2025-ci il tarixində, Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin ən qürurlu səhifələrindən birini – 20 Yanvar faciəsini anmaq məqsədilə, “Yanvarın göz yaşı” adlı layihə keçirilib.
Bu barədə TurkicWorld-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
“Yanvarın göz yaşı” adlı layihə Azərbaycan xalqının azadlıq yolunda göstərdiyi misilsiz iradəyə həsr olunub. Tədbirin məqsədi 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətini bir daha xatırlatmaq və bu dəyərləri gənc nəsillərə aşılamaq idi.
Tədbirin ilk hissəsində “Son döyüş” filmi nümayiş etdirilib. Film faciənin qəhrəmanlıq səhifələrini, xalqımızın mübarizə əzmini və şəhidlərimizin fədakarlığını ekrana daşıyıb. Hər bir səhnə iştirakçılara unudulmaz gecənin acısını və xalqın mübarizə ruhunu bir daha xatırladıb.
Filmdən sonra 20 Yanvar faciəsinin şahidi olan tanınmış aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti olan Məsmə Aslanqızı şəhid ailələrinə olan dərin hörmətini ifadə edərək, faciənin hər bir azərbaycanlının yaddaşında əbədi qalacağını bildirib. O, 20 Yanvarın təkcə faciə deyil, eyni zamanda xalqımızın müstəqillik yolunda dönüş nöqtəsi olduğunu vurğulayıb. Şəhidlərimizin ruhuna ehtiram göstərərək, onların Azərbaycan tarixindəki əbədi yerindən bəhs edib.