AZ

35 illik sual: O gecə qırğından yayınmaq mümkün idi? – Sabiq baş nazir və hərəkat fəalı danışdı

20 Yanvar hadisələrinin ildönümü ərəfəsində bu qırğına səbəb olan Sovet imperiyasının rəhbərliyi, siyasi və hərbi elitası günahlandırılır. O vaxtkı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin də qanlı hadisənin baş verməsində mənəvi, siyasi və hüquqi məsuliyyət daşıdığı birmənalıdır.

O vaxt əsas siyasi güc mərkəzi kimi Azərbaycan Xalq Cəbhəsi (AXC) imperiya ilə mübarizə aparırdı. Kreml milli azadlıq hərəkatının aparıcı gücü olan AXC-ni yox etmək, xalq hərəkatını aradan qaldırmaq, bundan sonra istədiyi planları həyata keçirmək istəyirdi.

Bəs AXC öz tərəfdarlarını Sovet ordusu ilə toqquşmadan kənarlaşdıra bilərdimi?

Xatırladaq ki, həmin ərəfədə Azərbaycan Xalq Cəbhəsində şərti olaraq iki qrup yaranmışdı: liberallar və radikallar.
Liberal qrupa İsa Qəmbər, Leyla Yunus, Nəcəf Nəcəfov və digərləri daxil idi. Radikalları isə Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı və s. təmsil edirdi.

Düzdür, adını qeyd etdiyimiz bəzi şəxslər Azərbaycan Xalq Cəbhəsində rəsmi təmsil olunmasalar da, onlar Milli Azadlıq Hərəkatının liderləri idilər. Əslində, AXC-dən çox Milli Azadlıq Hərəkatının iki hissəyə bölündüyünü deyə bilərik.

Məsələn, liberallar prosesi itkisiz, dinc yolla həll etməyi təklif edirdi, radikallar isə əksinə, qoşunun qarşısına çıxmağı, Sovet hakimiyyətinə sərt şəkildə cavab verməyi hədəfə almışdı.

Əlbəttə ki, 20 yanvar qırğınlarının Milli Azadlıq Hərəkatının və AXC-nin ucbatından baş verdiyini iddia etmək qərəzli və zərərli yanaşmadır. Amma tarixi hadisələrin üzərindən zaman keçsə də, onlar bu və ya digər aspektdən hər zaman müzakirə olunur. 20 yanvar faciəsinin 35 ili tamam olan ərəfədə də bu prosesdə iştirak etmiş şəxslərə eyni sual verilir: qırğından yayınmaq olardımı?

Globalinfo.az-a danışan sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, ilk növbədə bu sualları verənlərin kimliyinə diqqət etmək lazımdır.

penahhuseyn

Pənah Hüseyn

Onun sözlərinə görə, 20 yanvar hadisələrini başqalarının üzərinə atanlar hər zaman öz cinayətlərini gizlətməyə çalışıblar:

“Bu şayiəni yayanlar Moskvanın və o vaxtkı imperiyanın rəhbərliyinin daxildə olan nökərləridir. Onlar o dövrdə Azərbaycan Xalq Hərəkatına, eləcə də Azərbaycan xalqına qarşı olan cinayətlərini ört-basdır etmək və bunu xalqın üstünə yıxmaq üçün belə bir tezis yaydılar. Məncə, məsələ artıq 30 ildən sonra bütün sənədlərlə ortaya çıxıb. Yəni SSRİ rəhbərinin bu məsələ ətrafında qəbul etdiyi qərarlar, buna hazırlıqlar və s. hamısı üzə çıxdı. 1990-cı ilin yanvarından başlayaraq, hələ kommunist rəhbərliyi dövründə Azərbaycan Ali Sovetinin rəsmən qəbul etdiyi qərarlar hər kəsə məlumdur. Ondan sonrakı bütün hakimiyyət dönəmlərində 20 yanvar hadisələrinin kimlər tərəfindən törədilməsi məsələsi Azərbaycan xalqına da, dünyaya da, hər kəsə də aydın oldu. Lakin dediyim kimi, bunu azərbaycanlıların üstünə yükləməklə Sovet İmperiyası günahı üzərindən atıb, cinayəti ört-basdır etmək üçün belə bir tezisdən istifadə edib”.

Həmin illərdə Meydan Hərəkatının fəallarından və təşkilatçılarından biri olmuş Ənvər Əliyevin fikrincə, 20 yanvar Sovet imperiyası rəhbərliyinin hərbi-siyasi elitasının qurduğu bir hadisə idi:

enver

Ənvər Əliyev

“Biz o vaxt düşünürdük ki, Sovet hökuməti xalqa güllə atmaz, öz pulumuzla alınmış silahı özümüzə qarşı istifadə etməz. Bütün bunların hamısının fonunda başqa məsələ də durur. O zaman Azərbaycan rəhbərliyi ölkəni idarə etmək gücündə deyildi. Çünki köhnə dağılmışdı, yeni hələ formalaşmamışdı. Ona görə də qınamaq olmur. Hətta həmin dövrdə möhkəm dövlət qurmaq çətin idi. Hələ SSRİ yaşayırdı, büdcəmiz oradan hasil olurdu, bir çox zavod və fabriklərimiz ordan qidalanırdı. Bu səbəblərdən də bizim hay-küy salıb camaatı küçəyə çıxarmağımız səbəbsiz deyildi. Zavodlar dayanırdı, işçilər yaxşı çalışa bilmirdi, problemlər artırdı, kənd təsərrüfatı istehsal etdiklərini heç yerə göndərə bilmirdi və s. Baxın, bunların da hamısı şərt idi”.

Ənvər Əliyev deyib ki, cəbhəçilər belə hadisənin baş verəcəyini düşünmürdülər:

“Bəli, camaatı tankların qarşısına çıxarmaq da düzgün deyildi. O zaman hətta siyasi hakimiyyəti dəyişmək məsələsi də gündəmə gəlmişdi. 1988-ci ildə təkid etdilər ki, meydanda “İstefa!” qışqırıb həmin ərəfədə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovu yıxaq. Bu da mümkün deyildi. Ona görə ki, imperiyada təşkilat məsələsini həll etmək çox çətin idi. Bu səbəbdən də burada qarışıqlıq olmağını istəyirdilər. Həmin zaman ölkədən rüşvət də yığışdırılmışdı, bəzi sahələrdə hətta müsbət tendensiyalar formalaşırdı. Bu hadisələrin hamısının fonunda belə bir qırğın baş verdi. Ən vacib məsələ də ondan ibarətdir ki, Bakıda çoxlu sayda erməni var idi. Adam düşünürdü ki, öncədən nələrsə planlaşdırsaq, həm siyasi hakimiyyət, həm də müxalifət birlikdə olsa idi hər şey başqa ssenari ilə gedərdi və başımıza gələnlər ən azından qansız bitə bilərdi. Düzdür, deyirlər ki, imperiyalar dağılanda mütləq qan tökülməlidir, amma Azərbaycanda bu məsələ bir az kəskin oldu. Başqa yol qalmamışdı”.

Ə.Əliyevin sözlərinə görə, baş verənlər Azərbaycanın müstəqilliyi yolunda böyük bir pillə idi:

“Biz mütləq bunu dərk etməli idik ki, imperiyanın dövrü gedib, müstəqil dövlət qurulmalıdır. Məsələ hər mənada həll olunmalı idi. Ona görə də burada müstəqilliyimizə doğru olan əsas pilləkənlərdən biri də 20 yanvar hadisələri idi. Allah dünyasını dəyişənlərə, şəhidlərə rəhmət eləsin, qalanlara can sağlığı versin”.

Seçilən
6
turkustan.az

1Mənbələr