AZ

İtaliyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov 20 Yanvar tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışıb, Yanvar hadisələrinin ölkəmizin müstəqilliyinə gedən yolda xüsusi yeri olduğunu bildirib.

Diplomat 1990-cı il yanvarın 20-də Sovet imperiyasının Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz olaraq küçələrə toplaşan, azadlıq, müstəqillik və suverenlik ideallarını müdafiə edən insanlara qarşı dəhşətli cinayət törətdiyini, sovet qoşunlarının Bakıya və ölkəmizin digər rayonlarına hərbi müdaxiləsi nəticəsində 147 dinc sakinin öldürüldüyünü qeyd edib. Bildirib ki, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib. Daha sonra Ümummilli Liderin təşəbbüsü ilə Milli Məclisdə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən ilk sənəd qəbul olunub.

R.Aslanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ilə 20 Yanvar tarixinin bu gün xüsusi məna kəsb etdiyini vurğulayıb. Bildirib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu bu gün şaddır.

Tədbirdə Qanlı Yanvar faciəsinə dair videoçarx nümayiş olunub.

Seçilən
2
1
sia.az

2Mənbələr