Xəbər verdiyimiz kimi, Xalq artisti Ənvər Həsənov səhhəti ilə bağlı problem yaşayıb.
Yanvarın 17-də vəziyyəti ağırlaşan sənətkar reanimasiyaya köçürülüb və aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
Məsələ ilə bağlı “Cebheinfo.az”a açıqlamasında mədəniyyət yazarı, prodüser Vasif Ayan bildirib ki, hələlik sənətkarın yaddaşında və nitqində problem yaranıb:
“Bu gün mən, Mədəniyyət Nazirliyinin əməkdaşları və Orxan Fiktəroğlu birlikdə Ənvər bəyə baş çəkdik. Sənətkarın vəziyyəti orta stabildir. Bir neçə gün öncə məni soruşubmüş, amma məni görəndə tanımaq da çətinlik çəkdi.
Orada həkim briqadası əllərindən gələni edirlər. Nazirliyin əməkdaşları da lazımi köməkliyi göstərəcəklərini bildirdilər. Ənvər bəyin qızı hər şeyin qaydasında olduğunu, başqa harasa köçürməyə ehtiyac olmadığını dedi. Hazırda müalicəsi davam edir. Bir az yaddaşında və nitqində problem var. Bunlar da müalicə ilə düzələcək”.