Papa Fransisk bazar ertəsi xəbərdarlıq edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəd etdiyi qeyri-qanuni miqrantların genişmiqyaslı deportasiyası “fəlakət” olacaq.
“Əgər bu doğrudursa, bu, fəlakət olacaq, çünki heç bir şeyi olmayan yoxsul, bədbəxt insanlar bu siyasətin bədəlini ödəyəcək”, - Papa İtaliya televiziyasına müsahibəsində deyib. Bu gün vəzifəsinin icrasına başlayacaq Tramp ABŞ-da yaşamaq icazəsi olmayan təqribən 11 milyon mühacirə qarşı sərt mövqe tutacağına söz verib. O, deportasiya proqramının hüquqi problemlərlə üzləşməsinə və bəzi ölkələr deportasiya edilənləri qəbul etməkdən imtina edə bilsə də, bu immiqrantların “Amerika tarixində ən böyük deportasiya əməliyyatı” olacağını vəd edib.
2017-ci ildə ilk səlahiyyət müddətində Trampı Vatikanda qəbul edən Papa daha əvvəl ABŞ-ın gələcək prezidentinin mühacirlərə münasibətini tənqid etmişdi.
2016-cı ilin fevralında Papa, “körpü deyil, yalnız divarlar tikmək istəyən hər kəs kimliyindən asılı olmayaraq xristian deyil”, demişdi. Papa keçən il Amerika seçki kampaniyasına nadir müdaxilə edərək anti-immiqrant münasibətləri “dəlilik” kimi xarakterizə qiymətləndirmiş və sağçı Amerika katolik fiqurlarını ultra-mühafizəkar mövqelərinə görə tənqid atəşində tutmuşdu.
Tramp həmçinin, əgər valideynləri amerikalı deyilsə, ABŞ torpaqlarında doğulan uşağa vətəndaşlıq verilməsini dayandıracağına söz verib və konstitusiyanın bu hüququ təmin etməsinə baxmayaraq, bunu “absurd” adlandırıb.