AZ

QHT sədri: “20 yanvar faciəsinin dünyaya çatdırılması bizim borcumuz idi”

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşunları Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Bu qanlı əməliyyat nəticəsində dinc əhali ağır texnika və müxtəlif silahlarla atəşə tutuldu, yüzlərlə insan şəhid oldu, yaralandı və itkin düşdü. Sovet ordusunun Bakını işğalı misli görünməmiş qəddarlıqla həyata keçirildi, insan hüquqları kobud şəkildə pozuldu, mülki əhaliyə amansız divan tutuldu.

"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri, tanınmış cərrah Akif Kərimov 1990-cı il 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında rol oynayan şəxslərdən biri olub. Həmin günlərin ağrı-acısını yaşayan və Azərbaycanın haqq səsini dünyaya duyurmaq üçün yorulmadan çalışan QHT sədri Gürcüstandakı diaspor təşkilatlarında fəal iştirak edib, faciənin beynəlxalq mediada işıqlandırılmasına əhəmiyyətli töhfə verib.

Bu faciə ilə bağlı cərrah Akif Kərimovun söylədikləri 20 Yanvarın həm əzab, həm də qürur dolu səhifələrini bir daha canlandırır. Həmin dövrdə Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların təşkilatlanmasında mühüm rol oynayan Akif Kərimov, faciənin dünya ictimaiyyətinə çatdırılmasına da töhfə verib.

Akif Kərimov xatırlayır:

"1990-cı ilin yanvarında cəbhəçi dostlarımızın bir qismi təqiblərdən qaçaraq Gürcüstana gəldi. Mən onları orada qarşıladım, vəziyyət olduqca çətin idi. Həmin dövrdə faciənin dəhşətli görüntülərini və kasetləri Türkiyəyə göndərərək, hadisələrin dünya ictimaiyyətinə çatdırılmasına nail olduq. Yanvarın 21-də gecə saat 12-də bu kasetlər Türkiyədə yayımlandı. Bu, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün atılan mühüm bir addım idi."

20 Yanvar şəhidlərinin 40 mərasimində Akif Kərimov və onunla birlikdə 200 nəfərlik bir qrup Bakıya gələrək Şəhidlər xiyabanını ziyarət edib.

Professor Qivi Jvani isə Kərimovun fəaliyyətini belə dəyərləndirib:

"Mən bütün azərbaycanlıları doktor Akif Kərimovun simasında görmək istərdim..."

Qeyd edək ki, Akif Kərimov təkcə tibb sahəsində deyil, həm də ictimai fəaliyyətdə önəmli nümunə göstərərək Azərbaycanın milli mübarizəsinin canlı şahidlərindən biri kimi tanınır.

 

Pərvanə  Fərhadqızı

QHT.az

Seçilən
38
qht.az

1Mənbələr