AZ

"Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!" - deyən şəhid şair Ülvi Bünyadzadə!

Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb.

QHT.az xəbər verir ki, 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpkili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış edib. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilib. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili alıb. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarıb.

1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə verib, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməyib, Daşkəsən şəhərinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləyib. 1987-ci ildə APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilib, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınıb. İnstitutun qəzetində yazıları mütamadi çap olunub.

Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilib. 1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olub. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olub. 1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olunub. APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak edib və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olub.

10 sentyabr 1989-cu ildə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazıb.

19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsib, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər edib və saat 00:20-də şəhid olub.

Dərin ehtiramla yad edirik!

Seçilən
27
qht.az

1Mənbələr