Parklar və digər istirahət yerlərində tullantı tutumlarının yerləşdirilməsi üçün ayrılmış sahələr kütləvi istirahət yerlərindən (rəqs meydançaları, estradalar, ictimai-iaşə və ticarət obyektləri, fəvvarələr, xiyabanlar və s.) 50 metr məsafədən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Tutumların sayı parkın 600-800 m2 sahəsinə bir ədəd hesabı ilə nəzərdə tutulur. Xiyabanlarda tutumlar arasındakı məsafə 40 metrdən çox olmamalıdır. Hər ictimai iaşə və ticarət obyektlərinin yanında həcmi 10 litrdən az olmayan tutumlar qoyulmalıdır. İstirahət edənlərin kütləvi yığılma yerlərindən kənarda yerləşən ərazilərdə tullantıların yığılmasının rahatlığı üçün tullantıların və süpürüntülərin müvəqqəti yerləşdirilməsi məqsədilə ara tutumlar qoyulmalıdır. Tutumların sayı tullantıların 3 gün ərzində orta yığılma miqdarına əsasən hesablanmalıdır. Parklarda və digər istirahət yerlərində olan yaşıllıq sahəsində tutumların qoyulmasına yol verilmir. Əsas təmizlənmə parklar bağlandıqdan sonra və ya səhər saat 8-ə qədər aparılmalıdır. Yerə tökülmüş yarpaqların və tullantıların yığılaraq yandırılmasına yol verilmir.