AZ

Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

News24.az xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

Qeyd edək ki, son vaxtlar naməlum şəxslərin məşhurların adından istifadə etməsi ilə bağlı dələduzluq hallarına rast gəlinir. Belə ki, onlara tanışlarının nömrələrinə oxşar və ya eyni vatsap nömrələri ilə zəng edərək pul almaları hallarına da rast gəlinir./Qafqazinfo

 

****

Xalq artisti Miri Yusifin prodüseri Emin Əfəndi mövzu ilə bağlı açıqlama verib.

"Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.

Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Mənim və Miri Yusifin adından istifadə edərək yayılan hər hansı bir məlumatın doğruluğuna yalnız bizim tərəfimizdən təsdiq edildiyi halda dərc olunmasını xahiş edirəm.

Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm", - deyə, o qeyd edib.




Seçilən
11
50
news24.az

10Mənbələr