AZ

Qəbul imtahanları: "Bu üsulla abituriyentlər nəticələrini dərhal biləcək"

“Rəqəmsal imtahanların tətbiqi tələbələrin və imtahan təşkilatçılarının da işini asanlaşdıracaq, nəticələrin operativ öyrənilməsinə səbəb olacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.

153672

 

Ekspert bildirib ki, hazırda rəqəmsal imtahana keçid prosesi qismən və iştirakçı sayı az olan imtahanlarda tətbiq edilir:

 

“Təhsil sistemində müasir texnologiyaların tətbiqini və imtahan proseslərinin daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə rəqəmsal formaya keçid zərurəti meydana çıxır. Rəqəmsal imtahanların tətbiqi tələbələrin və imtahan təşkilatçılarının da işini asanlaşdıracaq, nəticələrin operativ öyrənilməsinə səbəb olacaq".

 

Həmsöhbətimiz qeyd edib ki, Dövlət imtahan Mərkəzi (DİM) artıq bu prosesə başlayıb və bir sıra imtahanı elektron qaydada keçirməklə praktiki təcrübə qazanıb:

 

“Keçən il DİM-in elektron imtahanların keçirilməsi üçün nəzərdə tutulan imtahan korpusu istifadəyə verilib. Binada imtahanlar, müxtəlif təyinatlı müsahibələr, təlimlər üçün nəzərdə tutulmuş zallar və digər funksional otaqlar mövcuddur.

 

İmtahan korpusu 7 mərtəbə və zirzəmidən ibarətdir. Burada imtahanlarda istifadə olunan dinləmə mətnlərinin səsyazma studiyası, xüsusi avadanlıqla təchiz edilmiş müsahibə zalları, psixoloji xidmət otaqları, vətəndaşların qəbulu salonu, böyük və kiçik imtahan zalları, konfrans zalı, işçi otaqları və s. yerləşir. Korpusda yaradılan bulud əsaslı texnoloji infrastruktur müasir innovativ “private cloud” platformasında qurulub. DİM tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə alınmaqla bu binada təşkil oluna bilər. Belə ki, burada hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

 

Hazırda rəqəmsal imtahana keçid prosesi qismən və iştirakçı sayı az olan imtahanlarda tətbiq edilir. İştirakçı sayı çox olan buraxılış, ali məktəblərə, magistraturaya qəbul imtahanları ənənəvi formada həyata keçirilir. Rəqəmsal imtahanlara tam keçid üzrə işlər görülür. Buraxılış və blok imtahanlarında iştirakçı sayı çox olduğu üçün belə imtahanların elektron qaydada keçirilməsi, yəqin ki, vaxt alacaq. Nəticə olaraq, imtahanların rəqəmsallaşması Azərbaycan təhsilinin inkişafı və müasir texnologiyalarla uyğunlaşması üçün vacib addımdır”.

Seçilən
46
50
azedu.az

10Mənbələr