“Bayer”in baş məşqçisi Xabi Alonso “Real”ın sükanı arxasına keçə biləcəyi ilə bağlı yayılmış şayiələri cavablayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Real”la bağlı şayiələrmi? Mən bu xüsusda sakitəm. Mənim, narahatlığımla bağlı kifayət qədər əsasım var, hazırda mən bu barədə düşünmürəm”, deyə Alonso vurğulayıb.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
2023/2024-cü illər mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.
Həmçinin “Bayer” 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.
2024/2025-ci illər mövsümündə Xabi Alonso “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.
Xabi Alonso “Bayer”i ümumilikdə 118 oyuna çıxarıb, 80 qələbə, 25 heç-heçə, 13 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 280:125 nisbətindədir.
18 oyundan 41 xalla “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.