ABŞ prezidenti Donald Tramp diyet koka-kola düyməsini Ağ Evin oval ofisinə qaytarıb. Bu düymə basıldıqda otağa bir stəkan qazlı içki gətirilir.
Herbiand.az bildirir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.
Trampın masası prezidentliyin ilk dövründə belə bir cihazla təchiz edilmişdi. Lakin 2021-ci ildən 2025-ci ilə qədər ABŞ-ın yeni rəhbəri olan Co Bayden bu düyməni ləğv etdirmişdi.
Qəzetin yazdığına görə, Trampın qayıdışı ilə oval kabinetdə yeni gümüş qartal heykəlciklər peyda olub. Həmçinin, yaxınlıqdakı masanın üzərinə yenidən Böyük Britaniyanın baş naziri Uinston Çörçilin büstü qoyulub. Heykəl Trampın ilk dövründə orada idi, lakin Bayden onu ofisdən çıxarmaq qərarına gəlib. Dörd il əvvəl olduğu kimi, kamin üzərində ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun portreti asılıb və hər iki tərəfdə ölkənin birinci maliyyə naziri Aleksandr Hamilton və Amerikanın üçüncü lideri Tomas Ceffersonun portretləri var.
Bəxtiyar CƏFƏRLİ