Bakı, 21 yanvar, AZƏRTAC
Adalarımız imperializmlə üz-üzədir. Bizim xalqlarımız, eyni zamanda, acı tale paylaşır. Bu əzab-əziyyət, acınacaqlı vəziyyət bu gün də davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qəmər Adalarının Bütövlüyü və Suverenliyinin Müdafəsi üzrə Kollektivin üzvü Mustafa Abdou-Raouf “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.
O bildirib ki, müxtəlif beynəlxalq təşkilatlar Fransanın müstəmləkəçilik siyasətini pisləyir: “Buna baxmayaraq, bizim xalqlarımız imperialist qüvvələrə qarşı mübarizə aparır. Fransanın nüfuzu getdikcə zəifləyir. Ona görə də biz qonşularımızla birliyimizi gücləndirib, müstəmləkəçilikdən azad ola bilərik. Azad olmaq üçün müxtəlif cəbhələrdə savaşıb, Afrika ölkələrinin birliyini möhkəmləndirməliyik”.
Mustafa Abdou-Raouf vurğulayıb ki, qida və enerji suverenliyinə də nail olmaq mühüm amildir. “XXI əsrdə müstəmləkəçiliyin, o cümlədən Fransa müstəmləkəçiliyinin yeri yoxdur. Paris bunu başa düşməlidir ki, artıq o, bizim zənginliklərimizi istismar edə bilməz”.