AZ

ABŞ-ın PLANLARI: “Tezliklə İran vurulmalı, Rusiya ilə Ukrayna arasında isə atəşkəs imzalanmalıdır”

“ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyasının mahiyyəti erməni toplumunda birmənalı qarşılanmadığı bir durumda ətraf ölkələrin bu əməkdaşlıqdan ciddi təhlükə gözləməyi əbəsdir. Bu, Bayden administrasiyasının gedərayaq Ermənistana ürək-dirək verməsindən başqa bir şey deyil. Sərhəddə bir neçə ABŞ əsgərinin yerləşməsi heç nəyi dəyişməz. Təbii ki, ABŞ-ın Cənubi Qafqaza yerləşmək planları həmişə olub. Amma bunun indiki məqamda həyata keçirilməsi üçün vaxt yoxdur. Məsələ ondadır ki, Rusiya və İran ilə ABŞ-ın indiki prezidentinin planları az-çox bəllidir. İran tezliklə vurulmalı, Rusiya ilə Ukrayna arasında isə tezliklə atəşkəs imzalanmalıdır. Odur ki, ABŞ öz əsgərini İrana görə Ermənistanda təhlükəyə atmaz, Rusiyaya görə isə gərginliyə hələ ki getməz. Hələlik ən azı bir il bu məsələ açıq qalacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

Onun sözlərinə görə, Rusiya indiki məqamda Ukraynada atəşkəs müqaviləsi imzalasa, Trampın dövründə ABŞ heç bu region tərəfə baxmayacaq:

“Rusiya bazalarının Ermənistandan çıxarılması isə ayrıca məsələ kimi Paşinyan tərəfindən gündəmə gətirilə bilər. Ermənistan bu durumda ərazisində heç bir ölkənin bazası olmayan ölkə kimi danışılmış şəkildə mövcud ola bilər. Bu, ancaq Azərbaycanla sülh müqaviləsi imzalanacağı durumda ola bilər, həm də Azərbaycanın şərtlərinə əsasən… Çünki regionda Ermənistanın əsas əməkdaşlıq edəcəyi ölkələr Türkiyə və Rusiya olacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr