Bir neçə gün öncə insult keçirən Xalq artisti Ənvər Həsənov yenidən reanimasiyaya yerləşdirilib.
Bakupost.az Bakuplus.az-a istinadla xəbər verir ki, bu barədə aktyorun qızı Aytən Həsənova məlumat verib.
Bildirib ki, atasının vəziyyəti ağır olduğu üçün yenidən reanimasiyaya yerləşdirilib: “Palataya öz istəyi ilə keçirmişdik. Lakin vəziyyəti yaxşı deyildi. Dünən çox əziyyət çəkdi. Artıq yaddaşı da gedib. Danışa da bilmir”.
Qeyd edək ki, Ənvər Həsənov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.